İranlı general: ABŞ bizim qarşımızda acizdir!

“ParsToday”-ə istinadən verilən  xəbərə əsasən, İranın İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) Baş komandanının müavini, briqada generalı Hüseyn Səlami ABŞ-ın işğal etdiyi və dağıtdığı böyük dövlətləri xatırladaraq qeyd edib ki, bütün bunlara baxmayaraq, İran xalqı ABŞ-ı dayandırıb və Ağ Ev İranın qarşısında acizdir.

“Şəhidlərin İran ictimaiyyətinə bəxş etdiyi ruh yüksəkliyinin sayəsində, bugünkü İran böyük düşmənlərə qarşı mübarizə aparır. İran düşmənlərini sındıraraq və məhv edərək, ölkənin ərazi bütövlüyü və azadlığını qorxmadan müdafiə edir.”, - deyə general əlavə edib.

“İran xalqının oğulları quruda da, havada da, dənizdə də düşmənin yolunu kəsib. Bu xalq İslam inqilabının liderinə sadiq qaldığı müddətcə məğlubiyyətin nə olduğunu bilməyəcək.”, - deyə Səlami bildirib.

İranın 8 illik İran-İraq müharibəsindəki qələbəsinə toxunan general bəyan edib ki, “o zamanlarla müqayisədə indi daha da güclü olan İran xalqı, heç zaman düşmənlərə ölkəyə ərazisinə soxulmağa imkan verməyəcək”.