İranla Ermənistan arasında sərhədyanı əməkdaşlığa dair razılaşma təsdiqlənib

İran İslami Şura Məclisi (parlament) İslam Respublikası ilə Ermənistan arasında sərhədyanı əməkdaşlığa dair razılaşmanı təsdiqləyib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu deputat Zəhra Saey bildirib.

Onun sözlərinə görə, razılaşma sərhədlərin qonşularla birgə idarə edilməsi planının bir hissəsi olub, Norduz sərhədyanı terminalına da daxildir: “Bu, İranın ticarət balansının dəstəklənməsinə yönəlib. Norduz Ermənistanla ümumi yeganə quru sərhədyanı terminaldır ”.

Deputat qeyd edib ki, rəsmi statistikaya əsasən İran təqvimi ilə (martın 20-də başa çatan Hicri-şəms təqvimi nəzərdə tutulur) cari il (2017-ci ilin mart-iyul aylarında) bu ölkədən Ermənistana 107,35 milyon dollarlıq qeyri-neft məhsulu, bu müddətdə isə Ermənistandan İslam Respublikasına 443,512 min dollarlıq mal ixrac olunub.