İranı silkələyən etirazlar: Hansı nə istəyir?

İran siyasi elitasının və dini hakimiyyətinin başı üzərini alan qara buludları, yəni hakimiyyət əleyhinə başlayan kütləvi etirazları rəsmi Tehranın  düşmənləri və rəqibləri diqqətlə izləyirlər.

Amerikada və İsraildə düşünülər ki, cərəyan edən proseslər İranda hakimiyyət dəyişikliyinə və ardınca inqilabi dəyişikliklərə gətirib çıxara bilər.

Lakin İran hakimiyyətinin real olaraq zəifləməsi regionda növbəti eskalasiyasının müjdəçisi ola bilər.

İran Yaxın Şərqdə şiə hərəkatlarına dəstək verməklə özünə çoxlu düşmən qazanıb. Amerika qoşunlarının İraqdan çıxarılmasından sonra isə İranın bu ölkəyə təsir imkanları genişlənib.

Hazırda analitikləri bir məsələ də düşündürür: İranda hakimiyyət dəyişikliyi olarsa şiə qruplaşmaları Yaxın Şərqdə hansı addımlar ata bilərlər?

İran hazırda İraq, Suriya və Livanda aparıcı mövqeyə malikdir. Bu isə təbii ki ki, daha çox İranın düşməni olan Səudiyyə Ərəbistanını narahat edir.

Yaxın Şərqdəki strateji üstünlüyü saxlamaq cəhdləri fonunda isə İranda baş verənlər analiz edilir.

Təsadüfi deyil ki, İran da etirazların arxasında hansısa xüsusi xidmət orqanlarının olmasını istisna etmir – ilk olaraq da Səudiyyə Ərəbistanı.

İrandakı mitinqlər fonunda isə Ər-Riyadla Tehran arasındakı münasibətlər daha da gərginləşib.

Böyük Britaniyanın nüfuzlu “The Guardian” nəşri yazıb ki, Luristan vilayətinin qubernatorunun müavini etirazların təkfirçi qruplar tərəfindən təşkil edildiyini deməklə Səudiyyə Ərəbistanını nəzərdə tutub.

Bu yaxınlarda (İranda etirazlar başlamazdan öncə) Səudiyyə Ərəbistanının kral sarayına Yəməndən raket atılmışdı. Səudiyyə Ərəbistanı bu hücumun İran tərəfindən təşkil edildiyini bəyan etmişdi, İran isə bu ittihamları rədd etmişdi.

Bundan başqa Səudiyyə Ərəbistanı və İran bir-birlərinin strateji hədəflərini darmadağın edilməsini əks etdirən edən videoçarxlar hazırlayıb dövriyyəyə buraxdılar.

Hər iki ölkə güc nümayişini videoçarxlar vasitəsi ilə təqdim etməklə psixoloji üstünlük qazanmaq niyyətlərini büruzə verdi.

Bunlardan sonra isə İranda etirazçıların fəallaşmasının arxasında Səudiyyə Ərəbistanınından uzanan qolların dayandığını bəlkə də ehtimal etmək olar. Amma bunu konkret sübut edən dəlillər hələ ki, mətbuat səhifələrində görünmür.

Lakin bəlli olan budur ki, Səudiyyə Ərəbistanı, Amerika, İsrail İranda hakimiyyət dəyişiklini istəyir.

ABŞ prezidenti Donald Tramp etirazlardan danışarkən İranda dəyişiklik vaxtının çatdığını bəyan edib.

Tramp özünün  Twitter səhifəsində yazıb ki, Obama administrasiyası ilə bağladığı "dəhşətli" sövdələşməyə baxmayaraq, İran bütün sahələrdə iflasa uğrayır.

"Qüdrətli İran xalqı uzun illərdir ki, repressiyalara məruz qalıb. Onlar yemək və azadlıq üçün acdır. İnsan haqları ilə yanaşı İranın sərvəti də talan edilir. Dəyişiklik vaxtı çatıb!" – Tramp yazıb.

Tramp əslində elə müttəfiqlərinin ümumi bəyanını ifadə edib desək yanılmarıq.

Qeyd edək ki, dekabrın 28-də İranın şimal-şərqində, Məşhəddə iqtisadi çətinliklərə və qiymətlərin bahalaşmasına qarşı etirazlar başlayıb.

Amma az keçməmiş bu etirazlar sosial tələblər çərçivəsindən çıxaraq siyasi rəng almağa başlayıb, siyasi şüarlar səsləndirilib.

Şüarlar, o cümlədən, İranın ali rəhbəri ayətullah Əli Xamneyi, prezident Həsən Ruhani və İranın bölgədəki siyasətinə qarşı olub.

İki gün davam edən etirazlardan sonra hazırda, ölkədə Telegram və İnstagram sosial platformalarının fəaliyyəti "müvəqqəti" məhdudlaşdırılıb.

İranda müşahidə edilən son etirazlar 2009-cu ildən bəri ölkədə baş vermiş ən irimiqyaslı kütləvi etiraz nümayişidir.

Iran prezidenti Həsən Ruhani İranda hökumətin tənqid və etirazlara yer verməsinin lazım olduğunu deyib.

Hökumət toplantısında danışan Ruhani, "zorakılıq və ictimai yerlərə zərər vermək tənqid deyil" deyib.

"Konstitusiyaya görə xalqın tənqid və etiraz etmək hüququ vardır. Hökumət hüquqi iradlara və etirazlara yer verməlidir. Amma tənqid və etirazların ölkənin və xalqın vəziyyətini yaxşılaşdırması üçün səy göstərməliyik.

Hökumət vandallık edən və ətraf mühitə zərər verən qruplara tolerantlıq göstərməyəcəkdir.

Bəzi problemlərimizi həll etmək vaxt alır və hökumət ilə xalq bu problemləri aşmaq üçün əl-ələ verməlidir"- Ruhani bildirib.