İran 629 illik tarixi əsəri Türkiyəyə qaytarır

Türkiyə mediasına istinadən xəbər verilir ki, İran muzeylərdən birində nümayiş etdirilən 629 illik kilsə zəngini Van şəhərində yerləşən Müqəddəs Məryəm kilsəsinə təhvil verəcəyini bildirib.

Müqəddəs Məryəm kilsəsinə 1388-ci ildə hədiyyə edilən kilsə zəngi hazırda İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində yerləşən Antropologiya muzeyində sərgilənir.

İran Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatının sədr müavini Mir Hadi Qara Seyid Rumyani zəngin sərgiləndiyi Urmiya muzeyinə etdiyi səfər zamanı əsərin Van şəhərinə təhvil veriləcəyini bildirib. "Ölkəmizə aid olan tarixi əsərlərin ölkəyə geri gətirilməsi üçün çalışırıq. Eynilə başqa ölkələrə aid olduğu sübuta yetirilmiş və ölkəmizdə olan tarixi əsərləri də öz ölkələrinə təhvil veririk.",- deyə əlavə edib.