"İqtisadi cinayətkarlıq sürətlə artır" - Qubad İbadoğlu

"Cinayətkarlığın artım sürəti əhalisinin artım sürətini 10 dəfəyədək qabaqlayan ölkədə sabitlikdən danışmağa dəyərmi?”
 
İqtisadçı Qubad İbadoğlu öz feysbuk hesabında belə suaı edir.
 
Azərbaycanda əhalinin təbii artımı azalır. Bunu Dövlət Statistika Komitəsinin məlumatları göstərir. 2013-cü ildə hər min nəfərə əhalinin təbii artımı 12,8 olubsa, 5 il sonra artım zəifləyib, 2018-ci ildə bu 8,4 nəfərə düşüb. Başqa sözlə 5 ildə təbii artım 36 min 556 nəfər azalıb.
 
Rəsmi məlumatlara görə, Azərbaycanda 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər çoxalıb. Bu dövrdə qeydə alınmış cinayətlərin sayı isə 15206-dan 26381-ə çataraq, 1,74 dəfə artıb.
 
"Sizcə, cinayətkarlığın belə sürətlə artmasının səbəbi nədir?" - deyə sorğulayan Qubad İbadoğlu bunu belə əsaslandırır:  "Nəzərə alsaq ki, cinayətlərin tərkibində iqtisadi cinayətkarlıq daha sürətlə artır, onda belə vəziyyətin yaranmasının başlıca səbəbi işsizlik və yoxsulluqdur. Çünki tədqiqatlar da sübut edir ki, işsizliyin 1 faiz artması cinayətlərin 1,2 faiz artımına gətirib çıxarır."
 
Rəsmi statistik məlumatlara görə 2000-ci ildə olkədə 0-14 yaşlı uşaqların sayı 2 milyon 545 min 600 nəfər olub. 2019-cu ilin əvvəlinə bu yaş qrupu üzrə uşaqların sayı 306 min 500 nəfər azalaraq, 2 milyon 239 min 100 nəfər olub. Eyni dövrdə ümumi nəsilvermə əmsalı aşağı düşüb. Belə ki, orta hesabla bir qadın üçün hesablanan bu göstərici 2000-ci ildə 1,99-dan 2018-ci ildə 1,76-ya düşüb.