İqtisadçı: SOCAR-da Müşahidə Şurasının yaradılması gecikmiş addımdır

İqtisadçı: SOCAR-da Müşahidə Şurasının yaradılması gecikmiş addımdır

Məhəmməd Talıblı: "Aktivlərin idarəedilməsi 3 amili doğrur: şəffaflıq, səmərəlilik və hesabatlılıq"

“Əgər SOCAR-ın tərkibində Müşahidə Şurası indi yaradılırsa, buna görə sevinmək yox, gecikmiş addıma görə narahat olmaq lazımdır. SOCAR kimi rentabelli olmalı qurum əgər borclanma ilə bağlı heç limit tanımırsa, o zaman ona indi nəzarətin yaradılması nəyi dəyişəcək?”

İqtisadçı Məhəmməd Talıblı “Turan”da yazdığı məqaləsində belə deyib.

Məhəmməd Talıblı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı bəzi parametrlərə diqqət yetirmək lazımdır: "Birincisi, SOCAR ayrı-ayrı qonşu ölkələrdə milyardla dollar həcmin sərmayə yatıran şirkətdir. İkinci, dövlət büdcə gəlirlərinin ortalama olaraq 12-14 manatdan 1 manatını ödəyən qurumdur. Üçüncü, bütün neft-qaz layihələrində Azərbaycan adından iştirak edən yeganə milli neft şirkətidir və ona məxsus ehtiyatlar 65 milyard dollardır. Bu cür diqqəti cəlb edən gözqamaşdırıcı əlamətlərdən sonra düşünə bilərsiniz ki, nə əcəb “dövlət içində dövlət” gücü olan şirkətin fəaliyyətinə nəzarət edən Müşahidə Şurası olmayıb? Bu gün sivil dünyada şirkətlər korporativ idarəetməni əhatə edən fəaliyyətə ona görə geniş qucaq açırlar ki, həmin şirkətin reputasiyaları təsirli olsun. Biz Beynəlxalq Bankı nə zaman itirdik? Nə zaman Beynəlxalq Bankın 12,4 milyard manatlıq zərərin gördük? O zaman ki artıq bankın öhdəlikləri açıq müzakirə predmeti olmuşdu. Beynəlxalq öhdəliklərini icra edə bilmirdi. Bütün sirlər açılmışdı. Kreditorlar borclarını tələb edirdi və s. Halbuki orada da Müşahidə Şurası vardı. Rəhbəri kim idi? Maliyyə naziri Samir Şərifov. Bəs niyə Müşahidə Şurası bankın iflasına qədərki heç bir mərhələdə SOS siqnalı çalmırdı? Çünki Müşahidə Şurası formal təsisat idi”.

İqtisadçı deyir ki, məlum fərmana qədər SOCAR-ın özünün Şirkət Şurası var idi: “O zaman bu Şura şirkətin rəhbər şəxsləri tərəfindən necə “idarə” olunurdusa, bundan sonra da eyni qaydada idarə olunacaq. Fərqli idarəetmə şuraları adlansa da, idarəetmə prinsipləri eyni olacaq. Əgər həmin şuralar “otur Fatı, dur Fatı” düşüncəsi ilə olacaqsa, o zaman orada hansı ad və soyadların olması nəyi dəyişəcək ki? Başqa örnəyi SOCAR-dan yox, SOFAZ-dan da çəkə bilərik. SOFAZ (ARDNF)-ın Müşahidə Şurasının tərkibi fond yaranandan mövcuddur. Şuranın üzvləri yalnız nazir müavinləri və rəhbər şəxslərdən təşkil olunubsa, bu o deməkdir ki, neft-qaz gəlirlərinin idarəedilməsi ilə bağlı, doğrudan da, narahat olmağa dəyər. Niyə? Adlarını çəkdiyim heç bir qurumun tərkibində ictimai təmsilçiliyin elementləri yox idi. Həmin qurumların heç biri real məzmunlu fəaliyyəti olan tərəfsiz olan vətəndaş cəmiyyəti sektoru ilə heç bir əməkdaşlıq etmirlər. Bu qurumların heç birinin Müşahidə Şurası tərkibində vətəndaş cəmiyyəti sektorundan heç bir təmsilçi yox idi. Məsələnin fundamental tərəfi budur ki, idarəetmə şuralarının adları yox, prinsipləri dəyişsin! O zaman effektiv idarəetmədən bəlkə danışmaq mümkün olsun. Effektiv idarəetmə bu formulanı tələb edir: vəzifənin istismar etmənin qarşısının alınmağın ən yaxşı yolu bu vəzifəni mümkün qədər çox yaymaq və paylaşdırmaqdır. Çünki ictimailəşmədən qorxmaq idarəetməni qapalı dairəyə salır və beləliklə, hər şey pisə doğru dəyişir”.

Məhəmməd Talıblı hesab edir ki, suveren ehtiyatlar fondlarının qızıl qaydalarından biri həmin aktivlər üzərində sərəncamvermə hüququnun kollegial məzmun daşıması (parlament və s.) ilə yanaşı, onunla bağlı nəzarət mexanizmlərinin sərtləşməsi ilə birbaşa bağlıdır: “Belə olan halda aktivlərin idarəedilməsi 3 amili doğrur: şəffaflıq, səmərəlilik və hesabatlılıq. Məlum həqiqətdir: qara pişiyi tutmaq çətindir, əgər o qaranlıq otaqdadırsa, bu ikiqat çətin olur”.

Xatırlatma

Prezident İlham Əliyev yanvarın 23-də iqtisadiyyat naziri Mikayıl Cabbarovun Azərbaycan Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri təyin olunması haqqında sərəncam imzalayıb.

Sərəncamla Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov, energetika nazirinin müavini Elnur Soltanov, maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, İnvestisiya Holdinqinin Baş İcraçı direktoru Ruslan Əlixanov Müşahidə Şurasının üzvləri təyin olunublar.

Facebook