İqtisadçı: Qiymətlər bahalaşıb, əhalinin gəlirləri azalıb

İqtisadçı: Qiymətlər bahalaşıb, əhalinin gəlirləri azalıb

"Kommunal və yanacaq xərclərinin payı son 20 ildə ən yüksək həddə çatıb"

2014-cü ildən bu yana ailə büdcəsindən ərzaq məhsullarına çəkilən xərclərin payı 40,7 faizdən 43,4 faizə yüksəlib.

“Baku Research Institute”-nun hesablamalarından belə aydın olur.

Hesablamalar Dövlət Statistika Komitəsinin illər ərzində açıqladığı rəqəmlər əsasında hazırlanıb.

“Baku Research Institute”u “Devalvasiyadan sonra ailə büdcəmiz necə dəyişib?” – sualına cavab tapmağa çalışıb.

Araşdırmada 2014 və 2020-ci illərdə əhalinin istehlak xərclərinin strukturu müqayisəli təhlil edilib.

Eyni zamanda, məlum olub ki, son 6 ildə insanların istirahət və mədəniyyət xidmətləri xərcləri 4,4 faizdən 3,5 faizə enib.

Mehmanxana, kafe və restoran xidmətləri xərcərində də eniş olub. 8,6 faizdən 7,2 faizə düşüb.

Səhiyyə xərclərinin payı 4,9 faizdən 5 faizə yüksəlib, təhsil xərclərinin payı isə 2 faizdən 1,6 faizə düşüb.

Kommunal və yanacaq xərclərində isə artım var. Bu, son illərin qiymət artımı ilə bağlı da ola bilər. 7,4 faizdən 7,9 faizə yüksəlib.

2014-cü ildən 2020-ci ilədək adambaşına aylıq istehlak xərcləri 26,7 faiz artıb.

Aylıq ərzaq xərclərinin artımı 35,2, aylıq kommunal və yanacaq xərclərinin artımı 35,8, aylıq geyim xərclərinin artımı isə 16,6 faiz olub.

İqtisadçı Samir Əliyev deyir ki, 2015-ci ildə ölkədə baş vermiş devalvasiya qiymətlərin bahalaşmasına, əhalinin gəlirlərinin azalmasına səbəb olub: "Bu, ailə büdcələrinin xərc strukturunda nəzərəçarpan dəyişikliklərə gətirib. Bir cümlə ilə desək, əhali rifahının yaxşılaşması prosesi artıq onların fiziki mövcudluq qayğıları ilə əvəzlənib. Əgər 2001-ci ildə ümumi istehlak xərclərində ərzağın payı 68,2 faiz idisə, neft pullarının gəlməsi fonunda gəlirlərin artması ərzaq xrclərinin payını 40 faizədək azaldıb. Ancaq devalvasiyadan sonra bu rəqəm yenidən artmağa başlayaraq 43,4 faizə çatıb”.

İqtisadçının sözlərinə görə, kommunal və yanacaq xərclərinin payı son 20 ildə ən yüksək həddə çatıb: “Artım həmçinin nəqliyyat və səhiyyə xərclərində də müşahidə edilib. Əvəzində istirahət və mədəniyyət xidmətləri, mehmanxana, kafe və restoran xidmətlərinin payı azalmağa başlayıb”.

2015-ci il fevralın 21-i və həmin il dekabrın 21-də Azərbaycanda iki devalvasiya baş verib.

Nəticədə manat dollar qarşısında iki dəfədən çox dəyər itirib.

O vaxta qədər 1 dollar 0.78 manat idisə, ilk devalvasiyadan sonra 1.05, ikincidə isə 1.70 manatadək yüksəldi. Hazırda da 1 dollar 1.70 manatdır.

Facebook