İqtisadçı: "Heç kim belə soyğunçu faizlərlə kredit götürmür"

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kapitallaşma problemi ilə üzləşən 5 bankı nəzarətə götürüb.

"APA-Economics"in xəbərinə görə, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham-Azerbaijan”) birgə təşkilatçılığı ilə “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda bildirib.

Rüfət Aslanlı

“Son illər ərzində 11 bank sistemdən kənarlaşdırılıb. Təxminən 26 bankdan 12-də əhəmiyyətli kapitallaşma aparılıb. Bu gün 5 bank “watch list”ə daxil edilib və onlar nəzarət altındadır. Bu bankların kapitallaşma proqramı ilin ortalarınadək icra edilməlidir. Bu proseslər bank sektorunda müəyyən stabilləşmənin yaranmasına səbəb olub. Biz ötən ildən etibarən bankların qeyri-işlək portfelinin stabilləşməsini müşahidə edirik. Artıq problemli kreditlər yaranmır, mövcud portfel qocalır”, - deyə o qeyd edib.

İqtisadçı Natiq Cəfərli isə Rüfət Aslanlının sözlərini şərh edib. O, bildirib ki, əslində, bu sözlər vəziyyətin pis olduğunu göstərir:

"Cəmi 12 bankda kapitallaşmada müsbət tendensiya var, yəni onların oliqarx sahibləri ciblərindən banklara pul buraxıblar. Qalan 14 bankda vəziyyət "ruscadır", 5 bank isə bağlanmaq üzrədir".

Natiq Cəfərli

Onun sözlərinə görə, yeni problemli kreditlər ona görə yaranmır ki, kreditləşmə dayanıb:

"Heç kim belə soyğunçu faizlərlə kredit götürmür, ölkədə iqtisadi aktivlik ölüb, kredit götürən nə işlə məşğul olmalıdır ki, ildə 25-30% banka ödəsin, vergilərini versin, gələn-gedən məmur ordusunu yola salsın, hələ bir özünə də pul qazansın?!"

Rakurs.tv