İqtisadçı: "Belə başa düşülür ki, müzakirələrdə nə maliyyə naziri, nə də Baş nazir çıxış edib"

2018-ci il dövlət büdcəsinin icrası haqqında hesabat gecikib.
 
14 iyunda Milli Məclisin plenar iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilərək ikinci oxunuşda qəbul olunub.
 
"Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunun 20.3. maddəsinə görə, Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi təsdiq olunmaq üçün növbəti ilin may ayının 15-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur. Milli Məclis keçən ilin hesabatını isə 14 iyunda müzakirəyə çıxarıb.
 
Hesabatın gecikməsi ilə əlaqədar iqtisadçı Qubad İbadoğlu "Facebook” hesabında paylaşım edib.
 
İqtisadçı deyir ki, əgər hökumət parlamentə "2018-ci il dövlət büdcəsinin icrası haqqında” hesabatı vaxtında təqdim etsəydi, yəqin ki, Milli Məclis yay tətilinə çıxmadan, yəni iyunun 1-dək bu sənədi hər iki oxunuşda qəbul edə və qanun layihəsi də vaxtında imzalanardı: "Görünür ki, ötən ilin büdcəsi ilə bağlı hökumətin hesabatı ləngiyib. Bu ləngimənin nədən baş verdiyini büdcə müzakirəsində səsləndirilməyib. Çünki "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun birinci oxunuşda mayın 31-də qəbul olunmuşdu. Dünən isə ikinci oxunuşda sənəd qəbul edilib”.
 
2018-ci ilin "Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi”ni Milli Məclisin "İqtisadi siyasət, sənaye və sahibkarlıq” komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib.
 
Qubad İbadoğlu isə deyir ki, hakimiyyət bölgüsünün fəlsəfəsinə görə, hesabatı Milli Məclisdə, adətən, Baş nazir və ya maliyyə naziri tərəfindən təqdim olunur: "Amma Milli Məclisin saytında yerləşdirilən məlumatdan və eyni zamanda mətbuatda dərc olunanlardan belə başa düşülür ki, müzakirələrdə nə maliyyə naziri, nə də Baş nazir çıxış edib. Ümumiyyətlə, ötən ilin 22,7 milyard manatlıq büdcəsini icrasına dair qanun layihəsi 1 saat ərzində yekunlaşıb”. 
 
İqtisadçı rəsmi mətbu orqanlarında hesabatın dərc edilməməsinə münasibət bildirib. Belə ki, Milli Məclis, Maliyyə Nazirliyi və Hesablama Palatasının heç birinin saytında "Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi" yerləşdirilməyib. 
 
İqtisadçı deyir ki, yalnız Hesablama Palatası verdiyi rəy əsasında hazırladığı xülasəni sayta qoyub: "Rəsmi mətbu orqanlar da hesabatı və qanun layihəsini dərc etməyib. Həmin qəzetlərdə əsas material Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə bağlı olub, ötən ilin büdcəsinin icrası ilə bağlı epizodik materiallar yerləşdirilib”.
 
İkinci oxunuşda qəbul olunan hesabatda ötən il büdcənin gəlirləri 22 508 869,7 min manat, xərcləri isə 22 731 644,5 min manat olmaqla təsdiq edilib.
 
Bu ilin əvvəlinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub.