İqtisadçı: ARDNF-in martda satdığı valyuta son 4 ilin ən aşağı göstəricisidir

İqtisadçı: ARDNF-in martda satdığı valyuta son 4 ilin ən aşağı göstəricisidir

"397,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb"

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən martdakı valyuta hərraclarında 397,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu, ondan əvvəlki, fevral ayı ilə müqayisədə azdır.

Fevraldakı valyuta hərraclarında 437,3 milyon dollar satmışdı.

İqtisadçı Samir Əliyev deyir ki, ARDNF-in mart ayında satdığı valyutanın həcmi 2017-ci ildən sonra, yəni son 4 ilin ən aşağı göstəricisidir.

Onun sözlərinə görə, Fond tərəfindən satılan valyutanın həcmi 2017-ci ilin martında 250 milyon dollar, 2018-ci ilin martında 647 milyon dollar, 2019-cu ilin martında 600,5 milyon dollar olub: “Ötən ilin müvafiq dövründə isə Fond 1 milyard 928,3 milyon həcmində dollar satmışdı”.

İqtisadçı bildirib ki, 2021-ci ilin I rübün nəticələri valyuta satışında qənaətin olduğunu göstərir: “Belə ki, 3 ay üzrə satılması nəzərdə tutulan valyutanın həcmi orta hesabla 1,8 milyard dollar olmalı olduğu halda, reallıqda satılan valyutanın həcmi daha az - təxminən 1,5 milyard dollar olub”.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard dollar azdır: “Yola saldığımız rübdə 314 milyon dollarlıq valyutaya qənaət edilib”, - Samir Əliyev bildirib.

2020-ci ildə isə ARDNF tərəfindən valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.

Facebook