İnzibati həbsdə olan AXCP üzvünün səhhəti ilə bağlı Ombubsmana müraciət edilib

"Böyrək ağrılarından əziyyət çəkir''

30 sutka inzibati cəza alan AXCP üzvü Zəfər Əhmədlinin səhhətinə görə ombudsmana müraciət olunub.

Bu barədə Meydan TV-yə AXCP üzvünün ailəsindən məlumat veriblər.

Deyirlər ki, böyrək ağrılarından əziyyət çəkən Zəfər Əhmədlinin davamlı qulluğa, sağlığının diqqətdə saxlanmasına ehtiyac var:

“Təcridxanada belə şərait yoxdur. Lazım olan dava-dərmanı da özümüz alıb vermişik”.

Yaxınlarının deməsinə görə, cəbhəçinin sağlıq durumunun diqqətdə saxlanması üçün əlaqəli qurumlara müraciət olunub.

Avqusun 17-də cəbhəçinin vəkilləri onun sağlıq durumu ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsaman) müraciət ediblər.

Z.Əhmədli həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin atasıdır.

Fuad Əhmədli 2016-cı ilin avqustun 17-də saxlanılıb. O, işlədiyi “Azerfon” şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürməkdə ittiham edilir. Bildirilir ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənə aid materiallar olan disklər, kitablar tapılıb.

F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsib.

F.Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.