İnvestisiya Holdinqinin yaranması hansı təhlükəni vəd edir?

İnvestisiya Holdinqinin yaranması hansı təhlükəni vəd edir?

Prezident İlham Əliyevin fərmanıyla 17 dövlət qurumunun idarəetməsi İnvestisya Holdinqinə verilib. Həmin quurmlar Azərbaycanda ən iri vergi ödəyiciləridir, bəzilərinin dövriyyəsi milyardlarladır. Söhbət Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, "Azergold”, "Azərenerji”, "Azərişıq”, "Azərsu” kimi ölkənin ən böyük dövlət şirkətlərindən, dövlətə məxsus səhmdar və ya məhdud məsuliyyətli cəmiyyətlərdən gedir. 
 
İnvestisiya Holdinqinin planları nədir?
 
İnvestisiya Holdinqi bu şirkətlərlə bağlı nə planlaşdırır, onları necə idarə edəcək? Bəzi mütəxəssislərin proqnozlaşdırdığı kimi, qismən və ya tamamən özəlləşdiriləcəkmi? 
 
Hələlik "ToplumTV” İnvestisiya Holdinqindən bu suallara cavab ala bilməyib. Holdinqə daxil olan qurumlarsa idarəetməylə bağlı suallara cavab verməkdə çətinlik çəkirlər. Məsələn, Bakı Metropoliteninin sözçüsü Bəxtiyar Məmmədov deyir ki, sərəncam yeni verilib və İH-nin onlarla bağlı planlarından xəbərsizdilər, buna görə də sualları quruma ünavanlamağımızı istəyirlər: "Suallara İnvestisiya Holdinqi cavab verə bilər, konkret addımlar haqqında danışmaq səlahiyyəti onlara aiddir, şərhi onlar verə bilər”. 
 
Prezident İlham Əliyev bu il avqustun 6-da keçirdiyi müşavirədə bir sıra dövlət qurumlarını səmərəsiz fəaliyyətinə görə tənqid etmişdi. Dövlət başçısı AZAL, "Azenerji” və SOCAR kimi şirkətlərə dövlət büdcəsindən ayırmalar olduğuna diqqət çəkmişdi: "Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsait qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni bu nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır...”
 
İ.Əliyev həmin müşavirədə tənqid etdiyi şirkətlərdən biri də Dövlət Neft Şirkəti idi: "Hətta ölkəmizdə qazlaşdırma da dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir. Bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır. Amma fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik”.
 
Yeri gəlmişkən, İnvsetisiya Holdinqinin idarə edəcəyi dövlət qurumlarının böyük əksəriyyəti inhisarçıdır, yerli bazarda onlara rəqib olacaq şirkətlər yoxdur. 
 
İ.Əliyevin tənqidindən dörd ay ötür. Bu müddətdə dövlət qurumları dəyişikliklərə gediblərmi, işlərindəki nöqsanları araşdırıblarmı, özlərinin hansısa təklifləri varmı? Bununla bağlı da rəsmi qurumlardan cavab almaq olmur. Bəziləri tənqidlərin haqlı olduğunu deməklə kifayətlənir, bəziləri sorğulara yazılı cavab verəcəklərini deyirlər.
 
Deputat prosesin şəffaf getməsini istəyir
Deputat Vahid Əhmədovun sözlərinə görə, İnvestisya Holdinqi yarananda prezidentin narazılıq etdiyi qurumların onun tabeçiliyinə veriləcəyi bəlli idi. V.Əhmədov bunun səbəbini belə izah edir: "Azərbaycanda investisiya yatırımını nizamlamaq üçün buna ehtiyac vardı. Holdinqə daxil olan qurumlar Azərbaycan iqtisadiyyatını müəyyən edən şirkətlərdir. Amma bu qurumlarda uzun müddət islahat, özəlləşdirmə getməyib. Burda problemlər yetərincədir. Bu problemlərin həlli üçün də həm kadr islahatı getməlidir, həm institutsional islahat getməlidir, həm də özəllədirmə. Elə sahələri var ki, onlar monopolistdir. Niyə belə  olmalıdır ki? Bazar iqtisadiyyatında başqalarına da bərabər imkanlar yaradılmalıdır. Strateji obyektləri saxlamaq lazımdır, ancaq digərlərində özəlləşdirmə aparılmalıdır. Burda ancaq inkişafdan söhbət gedə bilər, bu, düzgün addımdır”.
 
Vahid Əhmədov həmin qurumlarındakı bəzi sahələrin, xüsusən də xidmət sahələrinin özəlləşdiriləcəyini güman edir: "Məsələn, Dövlət Neft Şirkətinin tərkibində elə sahələr var ki, onların dövlətin ixtiyarında qalmasına ehtiyac yoxdur. Özəl şirkətlərə vermək lazımdır, avadanlıqlar istehsal etsinlər və s. Amma strateji əhəmiyyəti olan neftin-qazın çıxarılması, ixracı dövlətin nəzarətində olmalıdır. Dövlətdə islahat gedirsə, şirkətlərdə niyə getməsin? AZAL niyə monopolist olmalıdır? Niyə başqa aviaşirkətlər bura gəlməməlidir ki, qiymətlərə də təsir etməsin?” 
Deputat köklü islahatların həyata keçirilməsinin vacibliyibndən danışır və "islahat iki nəfəri işdən uzaqlaşdırmaq deyil, islahat bütün strukturu dəyişməkdir, işlək sistem yaratmaqdır” söyləyir. 
Dövlət şirkətləri qismən özəlləşdirməyə gedərsə, Azərbaycanda onları alacaq investorlar tapılacaqmı, yoxsa dövlət xarici investorlara ümid edir?
 
V.Əhmədovun sözlərinə görə, özəlləşdirmədə xarici və daxili investorlar iştirak edə biləcək. Amma bu işin  təcrübəli kadrlara həvalə edilməsinin, prosesin şəffaf həyata keçirilməsinin və mülkiyyət toxunulmazlığına təminat verilməsinin vacibliyini də ayrıca qeyd edir. 
 
Dövlətin yaratdığı meqaqurum hansı təhlükəyə yol aça bilər?
 
İqtisadçı Rəşad Həsənov 17 dövlət qurumunun idarəçiliyinin bir holdinqə həvalə edilməsinin yeni ideya olmadığını bildirir. O, uzun zamandır dövlət qurumlarının fəaliyyətlərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr getdiyini, xüsusən də pandemiyadan sonra çağırışların sərtləşdiyini, buna zərurət olduğunu deyir və neftin ucuzlaşması, pandemiya kimi şokların hökumətin daha radikal addımlar atmasını şərtləndirdiyini düşünür. 
"Prosesin davamı olaraq hökumət 17 dövlət müəssisəsinin İnvestisiya Holdinqinə daxil edilməsinə qərar verdi. Beləliklə, 50-70 milyard manatlıq aktivi olan böyük şirkət olan SOCAR-dan tutmuş Azteklekom, AZALA-a qədər şirkətlərdə şəffaflığın olmaması, korrupsiya ehtimalı cəmiyyətdə narahatlıq doğururdu. Onlar dövlət büdcəsində böyük maliyyə yükü formalaşdırırdı, itkilərə gətirib çıxarırdı, inhisarçılıq formalaşdırırdılar. İdarəçilikdə dövlət maraqlarından daha çox subyektiv amillər qabağa çıxırdı”.
 
R.Həsənov İnvestisya Holdinqi kimi meqaqurumun yaradılmasının arzuolunmaz olduğunu düşünür. O hesab edir ki, bu qurumlar üzərində ictimai, kənar nəzarət əvvəldən təmin edilməli, qiymətləndirmə vaxtlı-vaxtında aparılmalı idi. Amma situasiyanın belə qısamüddətli həll yolunun tapılmasına gətirdi. İqtisadçı çox böyük kapitalı olan, fərqli sahədə fəaliyyət göstərən şirkətlərin bir holdinq çərçivəsində idarə edilməsinin çətin olacağını ehtimal edir, xüsusən də bu sahədə təcrübəsi olmayan Azərbaycan kimi yerdə. 
 
"Holdinqin çox böyük öhdəliklərinin olduğunu görürük. Yəni burda qurumların işinin şəffaflaşdırılması, idarəçiliyin müasir tələblərə uyğun təkmilləşdirilməsi, eyni zamanda özəlləşdirmə ilə bağlı əsasların müəyyənləşdirilməsi, təkliflər hazırlanması, maliyyə-təsərrüfat işlərində nəzarətin gücləndirilməsi, korrupsiya risklərinin azaldılması kimi çox böyük öhdəliklər var. Bu böyük zaman tələb edir. Holdinqin maddi-texniki bazası, kadr potensialı, ştatı bu müvafiq iş gücünə uyğunlaşdırılmalıdır ki, qurum qısa müddətdə həm beynəlxalq təcrübəni öyrənsin, həm onların işindəki çatışmazlıqları üzə çıxarsın, həm də subyektiv və obyektiv səbəbləri ayıra bilsin, həll yolları tapsın. Çox böyük iş yüküdür”. 
 
Rəşad Həsənov İnvestisya Holdinqi ilə bağlı bir narahatlığını da bölüşür, bu cür böyük məsuliyyət və bu qədər şirkətə nəzarət imkanı sonradan onun dominantlığına da gətirib çıxara bilər. Bununla bağlı mətbuatda mütəxəssislərin başqa ehtimalları da var. Həmin ehtimalları R.Həsənov da dilə gətirir: "Dövlət sektorunda inhisarçılıq sərtləşə, yeni oliqarx modelləri ortaya çıxa bilər”. 
 
Hərçənd o daha çox nikbin yanaşmanın tərəfdarıdır və yeni iqtisadi situasiyanın - postmüharibə, postpandemiya , posneft dövrünün əvvəlki təcrübələrdən fərqli olacağına, daha adekvat idarəetmə ortaya qoyulacağına ümid edir.
 
İnvestisiya Holdinqi bu il avqustun 7-də yaradılıb. İlk 3 il büdcədən, sonrakı illər əsasən idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizi hesabına maliyyələşəcək.
 
Holdinqinin İdarə Heyətinin sədri vəzifəsinə Mətin Eynullayev təyin edilib, baş icraçı direktorusa Ruslan Əlixanovdur.

Facebook