İnsan: Rasional, ya rasionallaşdıran varlıq?!

Hər cür əclaflıq haqqında xəbər oxuyuruq. Məsələn, birin bu yaxınlarda oxudum: Zərdabın icra başçısı aprel döyüşlərində şəhid olan Nurlan Abdullayevin dəfni üçün ayrılan pulu mənimsəyib. Anlaya bilən üçün necə də iyrənc hadisədir! Hələ hakimin günahsız şəxsi həbsə göndərməsi, komandirin öz əsgərini düşmənə satması, həkimin pul naminə sağlam insanları şikəst etməsi var...

İnsanları başa düşməyə çalışıram. Anlamaqla haqq qazandırmağı, empatiya ilə simpatiyanı ayıran incə sərhədləri dəqiq müəyyənləşdirmişəm özümçün. Amma anlamaq, empatiya qurmaq üçün tək “niyə” yetərli deyil, həm də “necə” sualını cavablandırmaq lazımdır. İnsanlar bunları necə edə bilir? Vicdan adlanan məhkəmənin mühakiməsindən necə yayınır? Daxili sarsıntı, psixoloji gərginlik keçirirmi, keçirisə, bundan necə yaxa qutarır? 

Stefan Sveyqin “Fuşe” əsərini oxuyanda da eyni suallar yaranmışdı məndə. O zaman Fuşenin oksimoron həyat tərzini, tez-tez əqidə, cinah dəyişə bilməsini anlamaqda çətinlik çəkmişdim. Məncə belə həyat tərzi diskomfort, disonans yaratmalıydı onda. Amma görünən bu idi ki, o, belə bir problem yaşamırdı - yazıçı Fuşenin psixoloji portretini mükəmməl təsvir etmişdi.

Leon Festinger və “Koqnitiv disonans” nəzəriyyəsi

Amerikalı psixoloq Leon Festinger müəllifi olduğu “Koqnitiv disonans” nəzəriyyəsi ilə bu suallara cavab verməyə çalışıb. O, deyirdi ki, şəxs bir-birinə əks olan iki pozisiyanın təsiri altındaykən bir növ diskomfortluq hissi keçirir. Məsələn, rüşvət müqabilində qiymət yazan müəllim əməlinin yanlış olduğuna bilirsə. Yaxud bir şəxs danışdıqlarının doğru olmadığına əmin halda eyni sözləri təkrarlamağa davam edirsə. Bu zaman biliyi ilə davranışı arasında yaranan ziddiyyət insanda psixoloji gərginlik yaradır və yerinə yetirilən iş cansıxıcı olur. Daxildə yaranan diskomfort hissi isə insanı az qala boğulma həddinə çatdırır. Bu halda şəxs ya etdiklərini özü üçün əsaslandırmalı (məsələn, belə bir yalan uydurmalıdır: rüşvət almasam, ailəmi dolandıra bilməyəcəm), ya gördüyü işin əhəmiyyətini azaltmalı (onsuz da hamı alır), ya da əməlinə son verməlidir. Bu, ona vicdanını sakitləşdirməyə, məsuliyyətdən yaxa qutarmağa, özünəhörmət hissini qoruyub saxlamağa kömək edəcək. 

Festingerin təcrübələri insan təbiətinin qaranlıq tərəflərinə işıq tutub. Məsələn, təcrübələrin birində aksiyaları polis tərəfindən dağıdılmış bir qrup gəncdən polislərin lehinə yazı yazmaları istənilir. Bu iş üçün onlardan bəzilərinə 30 dollar, bəzilərinə isə 1 dollar verilir. Bir müddət sonra onlardan aksiya barədə soruşulur. Verilәn cavablar tәәccüblüdür: 30 dollar alanlar haqlı tərəfin özləri olduğunu düşünür, 1 dollar alanlar isə qızğınlıqla polisləri müdafiə edirlər. Sәbәb nә qәdәr qәribә sәslәnsә dә, insanın özünә hörmәt edәn varlıq olmasıdır. 1 dollar alanlar çox kiçik məbləğ qarşılığında öz ideyalarına zidd mövqe sərgiləmişdilər. İdeyaları ilə sərgilədikləri mövqe arasında yaranan uyğunsuzluq (disonans) onlarda diskomfort hissi yaratmışdı, axı 1 dollara görə polislərin haqlı olduğunu yazmağa dəyməzdi. Beyin bu vəziyyətdə əlavə arqumentlər gətirməklə davranışını rasionallaşdırmağa, özünə haqq qazandırmağa, beləcə bu disonansı aradan qaldırmağa çalışır. 30 dollar alanların isə buna ehtiyacı yox idi: Onlar rahatlıqla “hə, yalan yazdım, nəticədə işin ucunda 30 dollar var idi” deyirdilər. 

Doğrudan da məntiqlidir. Çox kiçik mükafat müqabilində özünə zidd davranırsansa, daha şövqlə yalanlar uydurmağa, daha inandırıcı səbəblər tapmağa məcbursan. Axı insan özünə hörmət etmək istəyən varlıqdır. Yәqin siz dә həyatın dibində yaşayan, sosial ehtiyaclar girdabında boğulan adamların düşdüklәri vәziyyәti canfәşanlıqla müdafiә etmәsinә şahid olmusunuz. Buna bir də bu kontekstdə yanaşmaq lazımdır...

Bu nəzəriyyə həm də sistemin cəmiyyəti necə formalaşdırdığını göstərir: Uzun müddət bir-birinə zidd ideyaları daşımaq, bir-birinə əks pozisiyalarda olmaq mümkün deyil. Bu halda seçim etməlisən: Ya davranışlarını düşüncələrinə, ya da düşüncələrini davranışlarına  uyğunlaşdırmalısan. Təcrübə göstərir ki, insanlar çox zaman 2-ci seçimi edir - vəziyyəti dəyişə bilməyənlәr ona uyğunlaşmağa başlayırlar. Kütlə qaydalara uymaqdan, sistemin şərtlərinə tabe olmaqdan yanadır. Oyun qaydalarının korrupsiya, nepotizm, hər cür qanunsuzluq üzərində qurulduğu cəmiyyətlərdə mədəni yüksəliş, keyfiyyət dəyişikliyi məhz bu səbəbdən baş verə bilməz - "pis" sistemlərdə "yaxşılar" belə "pis"ә çevrilirlәr.  Sayları az da olsa, fərqli davranan - gördüyü haqsızlıqlara dözməyərək, istefa verən məmur, rüşvətə alət olmaq istəməyən müəllim, rəisinə etiraz edən polis nümunələrindəki insanlar isə düşdüyü vəziyyəti heç cür arqumentləşdirə bilməyən, davranışlarını düşüncələrinə uyğunlaşdıranlardır. 

Festinger sübut etdi ki, iddia olunanın əksinə, biz rasional yox, rasionallaşdırmağa çalışan varlığıq, hətta yalanla olsa belə. Yalan bizi dərin depressiya boşluğuna düşməkdən xilas edir. Demәk, insanın həm də yalana - özünü aldatmağa ehtiyacı var. Bu ölkə özünü aldadan, öz yalanına inanlarla doludur. 

Bildiyim isə odur ki, inkişaf, tərəqqi, təkamül yalanlarla yox, gerçəkliklə üzləşməklə əldə olunur.