İngiltərə parlamentində Əfqan Muxtarlının həbsi müzakirə olunub

Peter Bottomli: "Əfqan Muxtarlıya qarşı ədalətli davranmamalarından narahatıq"

Dekabrın 1-də İngiltərə parlamenti azərbaycanlı jurnalist, hazırda məhkəmə qarşısına çıxarılan Əfqan Muxtarlı ilə bağlı müzakirə aparıb. "İnsan hüquqları və Azərbaycan" adlı sessiyada Mühafizəkarlar Partiyasından olan deputat Peter Bottomli Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasına qoşulduğunu xatırladaraq, xarici işlər və əməkdaşlıq üzrə dövlət katibindən xahiş edib:

"29 may 2017-ci ildə Tbilisidə qaçırıldığı məlum olan, daha sonra zorla sərhəddən keçirilərən və 30 noyabr 2017-ci il tarixində Balakən Rayon Məhkəməsində mühakimə olunan müstəqil jurnalist Əfqan Muxtarlıya qarşı ədalətli davranılmamasından narahatlıq duyduğumuzu Azərbaycan hökumətinə və nümayəndələrinə bildirəsiniz. Siyasi mühacir Leyla Mustafayevanın həyat yoldaşı Əfqan Muxtarlı başlayacaq məhkəmə prosesi zamanı naməlum ittihamlarla sorğulanacaq".

Bundan əlavə, deputat xarici işlər və əməkdaşlıq üzrə dövlət katibindən xahiş edib ki, jurnalistikanın roluna hörmətlə yanaşılmasının vacibliyi barədə Azərbaycan hökumətinə tövsiyələr versin: "Bildirin ki, hökumət tərəfindən yol verilən səhvlərin aşkara çıxarılması qorxusu müxbirlərin təqib olunmasına səbəb olmamalıdır".

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham edir. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.