İmişli sakini: 5 nəfərlik ailə 250 manatla necə dolansın?

İmişli sakini: 5 nəfərlik ailə 250 manatla necə dolansın?

“Azyaşlı aızım epilepsiyadan, oğlum isə qan təzyiqindən əziyyət çəkir”

40 yaşlı Nəcibəddin İsgəndərov İmişlinin Çaxırlı kəndində yaşayır. 5 nəfərlik ailəsini aylıq aldığı 250 manatla dolandırmağa çalışır. Deyir, üstəlik, bu ailənin hər bir üzvünün ciddi sağlıq problemləri var. Belə olan halda yaşamları daha da çətinləşir.

“Qızım epilepsiya xəstəsidir. Tez-tez ürəkgetmələri olur. Buna görə dəfələrlə İmişli Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişik, göndəriş veriblər. Həmin göndərişlə uşağı Bakıya müalicəyə aparmalıyıq, ancaq bu, mümkün deyil. Çünki hansı qapını döyürük, pul istəyirlər. Bizim isə o qədər pulumuz yoxdur”, - Nəcibəddin İsgəndərov əlavə edir.

Evin xanımı Natəvan İsgəndərova deyir ki, qızının durumu yaxşı deyil. Adicə söz deyəndə də yıxılıb özündən gedir:

“Oğlumun isə beyindaxili təzyiqi var, yaddaşı yoxdur, dərs oxuyur, yadında qalmır. Şeirləri, hekayələri əzbərləyir, danışır, 10 dəqiqə sonra yadından çıxır. Körpə uşaqdır, tez-tez təzyiqi qalxır, pis günə düşür. Yoldaşım da epilepsiya xəstəsidir. Birdən ürəyi gedir, ayılda bilmirik. Üstəlik, onurğasında yırtıq var. Özüm də yüksək təzyiqdən, böyrək çatışmazlığından əziyyət çəkirəm. Sonuncu övladımın hamiləliyini heç başa vura bilmədim, uşaq 6 aylıq doğuldu. Ona da daimi müalicə lazımdır. İndi mən deməyim, siz deyin, bu qədər xəstənin müalicəsinə aylıq 250 manat bəs edərmi?”

Nəcibəddin İsgəndərov deyir ki, bir neçə ay öncəsinədək heç o 250 manatı da almırmış. Vəziyyətlərinin ağır olması ilə bağlı televiziyalarda yayımlanan yardım proqramlarından birinə qatılıblar. Bundan sonra onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi"ndə (DOST) işlə təmin ediblər:

“O vaxta qədər çox bərbad bir daxmada yaşayırdıq. Evin içində siçan, kərtənkələ, ilanla... Yalan demirəm, inanın. 2 yaşlı körpəmi yatdığı yerdə ilan çalıb öldürdü. Sonra xeyirxah bir insan bizə ev tikib verdi. İndi normal evimiz, şəraitimiz var, amma yaman korluq çəkirik”.

 

Natəvan İsgəndərova deyir ki, bir neçə dəfə ünvanlı sosial yardıma müraciət edib, onlara düşmədiyini deyiblər. Daha sənəd yığmaqdan da bezdiklərini deyirlər. Nə edəcəklərini bilmirlər:

“Müalicə olunmağa pul yox, yardım verilmir, maaş az. Normal bir iş də yoxdur ki, gedəm işləyəm. Fəhləlikdir, ona da gücüm çatmır, xəstəyəm. İnanın, artıq nə edəcəyimi bilmirəm. Hər dəfə uşaqlarım ağrıdan sızlayanda, yaxud vəziyyətləri günü-gündən ağırlaşanda az qalıram intihar edəm. Ev tikiblər, sağ olsun xeyirxah insanlar, amma dövlət də bir əl atsa, ya ünvanlı sosial yardım ayırsa, ya da bizi ailəlikcə dövlət hesabına müalicə etdirsə yaxşı olar. Biz çox pis durumdayıq”.

İmişli Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə ailənin onlara müraciət etməsini söyləyiblər. Deyiblər ki, əllərindən gələn yardımı etməyə hazırdırlar. Əgər burada mümkün olmasa, Bakıya göndəriş verilər:

“Dövlət xəstəxanalarında müalicə, müayinə isə pulsuzdur. Görünür, nəsə yanlış anlama olub”.

Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şöbəsindən isə bildirilib ki, ailə müraciət etsin, onların vəziyyətini dəyərləndirsinlər. Ailədə uşaq çoxdur, bəlkə də onlara sosial yardım ayrılar:

 

“Amma buna biz qərar vermirik. Onlayn müraciət etməlidirlər. Nazirlik baxır və qərar verir ki, bu insanlara yardım düşür, yoxsa yox. Əgər müraciət etmək qaydaları və s. ilə bağlı kömək lazımdırsa, o zaman mərkəzə yaxınlaşsınlar. Əlimizdən gələn köməyi edərik”.

Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları keçirilib. Prezident İlham Əliyev həmin deatda videoformatda çıxış edib. Həmiş çıxışında Azərbaycanın səhiyyəsindən də danışıb.

Deyib ki, Azərbaycanda səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib və yenidən qurulub:

“Son 17 ildə 700-ə yaxın xəstəxana yenidən tikilib və ya əsaslı təmir edilib. Görülmüş tədbirlər nəticəsində ölkədə COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır”.

Prezident bildirib ki, pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşların həyatı və sağlamlığı onun üçün prioritet təşkil edir:

“İqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilib. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir”.

 

Ancaq Dövlət Statistika Komitəsinin "Azərbaycan faktlar və rəqəmlər" buraxılışının səhiyyə bölməsində göstərilir ki, ölkədə 1 yanvar 2020-ci il tarixə fəaliyyətdə olan xəstəxanaların sayı 570-dir. Yəni 700 deyil.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, Prezidentin dediyi kimi səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmiş olsaydı, az qala hər gün 3 min, hər il orta hesabla 1 milyon xəstə İrana müalicəyə getməzdi.

İqtisadçının sözlərinə görə, 2020-ci ilə qədər ölkədə tibbi sığortanın tətbiq edilməməsi səbəbindən insanlar tibbi xidmətdən kənarda qalıb: “Bu da sual doğurur: Niyə indiyə qədər ölkədə tibbi sığorta tətbiq olunmayıb?”

Facebook