İmanovun haqqı üzərindən özünə və övladına gün ağlayanlar

Aydın Axundovun oğlu hakim olacaq; Anar Bağırov Vəkillər Kollegiyasının sədri; Muxtar Mustafayevin qızı nazir oğlunun şirkətində…

Dahi yazıçı Viktor Hüqonun hələ XIX əsrdə Fransa məhkəmələri haqqında söylədiyi qılıncdan iti fikri yaxın keçmişə qədər Azərbaycada yəqin ki, çox az adam bilirdi. Amma son dönəmlər Hüqonun deyimi bizdə xeyli populyarlaşıb. Çünki şərait belə tələb edir…

Söhbət hansı fikirdən gedir?

Hüqo yazırdı ki, “ədalətsiz qərar verən hakimlərin evindəki qadına aldığı alt geyimlərində başqa kişilərin haqqı var. O kişilərin oğurlanmış haqqı…”
Üstündən iki əsr keçib, fransızlar özlərinə ədalətli məhkəmə sistemi də, demokratik cəmiyyət də qurublar. Amma günümüzün Azərbaycanında demokratik cəmiyyətdən də, ədalətli məhkəmə sistemindən də əsər-əlamət yoxdur. O qədər hakimin, məmurun özünün və ailəsinin cibindəki pulda, yediyi çörəkdə, geydiyi paltarda başqa kişilərin pozulmuş haqqı var ki…

İşgəncəyə susan “ağıllı”

Haqqı pozulan kişilərdən danışanda son yarım ayda haqqında çox danışılan Yalçın İmanovu yaddan çıxarmaq olmaz. Əslində, İmanovu son dövrlərin müsbət qəhrəmanlarından biri də adlandırmaq olar. Sadəcə, üzdə olmayan qəhrəmanlardan idi – başqalarının pozulmuş haqqının bərpası üçün sərf etdiyi əməyi, fədakarlığı, dürüstlüyü ilə…
Başqalarının pozulmuş haqqını müdafiə etdiyinə, üzərinə düşən vəzifəni vicdanla yerinə yetirdiyinə, müvəkkilinə verilən işgəncəyə göz yummadığına görə onu cəzalandırdılar. Noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin toplantısında onun vəkillik faəliyyətinə xitam verilməsi haqda qərar verildi. Səbəb də o idi ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi məhbus Abbas Hüseynovun Qobustan həbsxanasında 40 dərəcə istidə çarmıxa çəkilib, iki gün əlləri və ayaqları dəmir dirəyə bağlanmış vəziyyətdə saxlanmasına, həbsxananın rəisinin onun əl-ayaqlarını qandallatdırıb, bədənində qançır olmamış əl boyda yer qalmayanadək dəyənəklə döyməsinə göz yummayıb.
İşgəncə faktını ictimailəşdirdiyinə görə vəkil həmkarlarının Kollegiyadan çıxarılmasına səs verən Rəyasət Heyətinin üzvü vəkillərdən Allah adamı qorusun! İnsan olan kəsin gözünün qarşısında heyvana əzab verəndə ürəyi dözmür, bunlar isə adama verilən işgəncəyə kor qalmağın tərəfdarıdırlar.

Hələ toplantıda Rəyasət Heyətinin başqa bir ağıllı üzvü tapılıb, Azər Quliyev, deyib ki, işgəncə konfidensial (gizli) məlumat sayılır, İmanov onu media vasitəsi ilə açıqlamaqla qanunu pozub. Maraqlıdır, bu Quliyevə harda belə hüquq təhsili veriblər? Görəsən, hansı kitabda oxuyub ki, işgəncə konfidensial məlumatdır? Axə heç bir kitabda belə anormal fikir yazıla bilməz. Deməli, bu adam ağzına gələni danışanlar kateqoriyasındandır. Heç nə yox, adamın belələrinin vəkili olduğu insanlara yazığı gəlir. İşgəncəni konfidensial məlumat sayan birinin vəkilliyinin keyfiyyəti haqda fikir yürütmək çətin deyil.

Həmkarına quyu qaz, oğlun hakim olsun…

Rəyasət Heyətinin toplantısında Yalçın İmanovun çıxarılması üçün canfəşanlıq edən, odlu-alovlu danışanlar haqda “Azadliq.info”ya maraqlı məlumatlar daxil olub. Əslində, İmanovun Vəkillər Kollegiyasından çıxarılması üçün plan çoxdan hazırlanmışdı. Nardaran hadisələri ilə bağlı həqiqətlərin çatdırılmasını,orada baş vermiş ölümlər, həbslərlə bağlı ifşaları hökumət İmanova bağışlamayacaqdı. Bunu İmanov özü də yaxşı bilirdi. Hələ avqust ayında Penitensiar Xidmətin rəis əvəzi Oqtay Məmmədovun ondan şikayəti ortaya çıxanda artıq məsələ bəlli idi. Sadəcə, qalırdı onun icrası. İcraçılar da Rəyasət Heyətinin üzvləri oldu… Bir nəfər istisna ilə – İradə Cavadova.
Toplantının stenoqramından görünür ki, xüsusən Aydın Axundov, Anar Bağırov, Muxtar Mustafayev… özlərini elə günə qoyublar. Sən demə, səbəbsiz deyilmiş…

Aydın Axundovun oğlu Fuad Axundov

Başlayaq elə Aydın Axundovdan. “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, onun oğlu Fuad Axundov bir neçə ildir Ali Məhkəmədə işləyir. Yaın vaxtlarda isə hakim təyin olunacaq. Oğul Axundovun təyinatdan öncə son mərhələ sayılan təlimlərdə olduğu bildirilir. Aydın Axundova isə vəkillərin dekabrın 7-nə təyin olunan konfransından sonra da Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini postunda qalmaq vəd olunub.

Nazir oğlu ilə dostluq və həmkarlara badalaq vurmaq təcrübəsi…

Anar Bağırovla bağlı məsələ isə daha çılpaqdır. 7 dekabr konfransından sonra Vəkillər Kollegiyasına o, rəhbərlik edəcək. Ona Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri postu söz verilib. Konfransda ona səs vermələri üçün vəkillərlə də xeyli vaxtdır ki, söhbət aparılır. Hərçənd, söhbət aparmağa bir o qədər gərək də yoxdur. Çünki qərar artıq verilib. “Verilib” deyəndə yəni, ədliyyə naziri Fikrət Məmmədov verib. Bu baxımdan, Bağırovun sədr seçkisində qələbə qazanmaq ehtimalı onun təcrübəsindən, peşəkarlığından daha çox Fikrət Məmmədov faktoruna görə yüksək qiymətləndirilir. Çünki Anar Bağırov nazirin oğlu Fariz Məmmədovun dostdudur. Bağırov eyni zamanda, Fariz Məmmədovun rəhbərlik etdiyi “Bakı Hüquq Mərkəzi”ndə çalışır. Daha doğrusu, şirkət nazir oğlunun olsa da, onu idarə edən Bağırovdur.

Hələ bir müddət öncə nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması məsələsi ortaya çıxanda Anar Bağırovun birdən-birə fəallaşması, cani-dildən bu dəyişikliyi müdafiə etməsi, açıqlamaları da onunla bağlı müəyyən planların olduğunu düşünməyə əsas verirdi. Bağırov nümayəndəlik institutunun iflic vəziyyətə salınmasına etiraz edən Kollegiya üzvlərini az qala hədələyir, bu qurumun gələcəyi ilə bağlı vədlər verdi.

“Vəkillərin adından danışmaq haqqını mənimsəyənlər buna son qoysunlar, öz adınızdan danışın, vəkillərin tam əksəriyyəti nümayəndəliyin məhdudlaşdırılmasını dəstəkləyirlər, bu faktdır.

Nümayəndəliklə məşğul olan dəyərli hüquqşünaslarımız isə bilsınlər ki, onların gələcəkdə Vəkillər Kollegiyasının üzvlüyünə qəbulu üçün yaxın zamanlarda bütün zəruri tədbirlər görüləcəkdir, kimin nə sualı və problemi olsa birbaşa mənə müraciət edin, imkanım daxilində hər birinizə yardımçı olmağa söz verirəm, amma bəzi siyasibazların, bulanıq suda balıq tutanların təxribatlarına qəti olaraq uymayın, bunların məqsədləri başqadır, niyyətləri isə məkrlidir”, – Anar Bağırovun təxminən bir ay öncə özünün “facebook” səhifəsində yaydığı fikirləridir.
Göründüyü kimi, Anar Bağırov hələ xeyli əvvəldən özünü Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri postunda hiss edir. Bütün dünyada vəkillər etirazçı kəsim sayılır, çünki onlar qanunun, hüququn pozulmasına etiraz edirlər, etməlidirlər. Amma Anar Bağırov rəhbərliyi altında fəaliyyət göstərəcək adamları müti görmək istəyir. Hər halda, özünün yazdıqlarından belə nəticə çıxır.
Eyni zamanda, bu kiçik açıqlama onun rəhbərliyi altında Vəkillər Kollegiyasının necə fəaliyyət göstərəcəyini də öncədən proqnozlaşdırmaq üçün yaxşı materialdır. “Bəzi siyasibazların, bulanıq suda balıq tutanların təxribatlarına uymayın, onlar məqsədləri başqadır, niyyətləri məkrlidir” – bu cümlənin özü göstərirdi ki, Anar Bağırov keçmiş sədr Azər Tağıyevin dövrünə rəhmət oxutduracaq. Heç çox gözləmək lazım gəlmədi. Yalçın İmanovun uzaqlaşdırıldığı toplantıdakı biabırçılıqlar Kollegiyadakı gələcək mühiti də, onu idarə edənlərin mahiyyətini də ortaya qoydu.
Bağırovu heç vaxt hüququ pozulan kasıbın, şərlənən vətəndaşın yanında, onun haqqını müdafiə edən görməzsiniz. Onu daha çox vətəndaşın evini əlindən almağa çalışan banklarla bağlı məhkəmə çəkişməsində görə bilərsiniz. Vətəndaşın yox, bankın tərəfində…

Yaxud da milyonluq qalmaqallarda…

Anar Bağırov

Yeri gəlmişkən, Anar Bağırovu bir çoxları Ramiz Mehdiyevin ailə vəkili kimi tanıyır. Orası bəlli deyil ki, “Xural” qəzetinin baş redaktoru, keçmiş siyasi məhbus Əvəz Zeynallıya qarşı məhkəmədə Ramiz Mehdiyevin nümayəndəsi olduğuna görədir, yoxsa müəyyən yerlərdə təqdimatında “mən Ramiz Mehdiyevin vəkiliyəm” deməsinə görə…
Hə, bir də Yalçın İmanovun Vəkillər Kollegiyasından uzaqlaşdırılmasında Anar Bağırovun müstəsna rol oynaması onun ilk işi deyil. Vəkil həmkarlarına qarşı çirkin planlarda, öz sözü, prinsipləri olan vəkillərin uzaqlaşdırılması prosesində ondan bundan öncə də istifadə olunub. Məsələn, tanınmış hüquqşünas Namizəd Səfərovla bağlı məsələdə. Namizəd Səfərov və Lətifə Əliyevanın Vəkillər Kollegiyasından çıxarılması 2005-ci ildə olmuşdu. O vaxt Anar Bağırov hələ gənc kadr olsa da, ona özünü göstərmək imkanı yaradılmış, o da fürsəti əldən verməmişdi. Məlum hadisədə yazdığı ərizə indi də əllərdə gəzir…

Anar Bağırovun 2005-ci ildə Namizəd Səfərovun əleyhinə ərizəsi

Qaçqın və məcburi köçkünlərə ayrılan pullar və nazir oğlunun şirkəti…

Rəyasət Heyətində biri də var, Sünbülə Əliyeva. Cəmiyyətdə bu adı eşidənlərin bir çox onu mərhum depuatat, dövlət başçısı İlham Əliyevin əmisi Cəlal Əliyevə xidmət edən biri kimi tanınır. Cəlal Əliyev kimisə cəzalandırmaq istəyəndə bu qadının xidmətindən istifadə edirdi…
Yalçın İmanovla bağlı toplantıda ağzından od tökülən, üzərinə qoyulan vəzifənin öhdəsindən gəlmək üçün dəridən-qabıqdan çıxan Muxtar Mustafayevi də yaddan çıxarmaq olmaz. Yəqin eşitməmiş olmazsız, Mustafayev son vaxtlar “Qaçqınkom” Əli Həsənovun nəvəsi, eyni zamanda Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin kürəkəni olan Nail Allahverdiyevin vəkilidir. Aşağı instansiya məhkəmələrində “ANS”in də vəkili idi. Amma yuxarı instansiyalarda teleşirkət rəhbərliyi deyəsən, onun xidmətini özünə rəva görmədi. ANS-in işini Ali Məhkəmədə, Avropa Məhkəməsində aparmaq tanınmış vəkil Fuad Ağayevə həvalə olundu.

Muxtar Mustafayev
Qayıdaq Muxtar Mustafayevin canfəşanlığının səbəbinə. Onun da qızı – Türkan Mustafayeva nazir oğlunun işçisidir. O, “Bakı Hüquq Mərkəzi”ndə hüquq məsləhətçisi vəzifəsində çalışır.

Azadliq.info