İmanov nümunəsi

Bu yazını daha əvvəl qələmə almağı planlaşdırmışdım. Noyabrda – Yalçın İmanov Vəkillər Kollegiyasından uzaqlaşdırılanda. Bir neçə gün öncə mərhum Elton Quliyev haqda baxdığım film və İradə Cavadovanın kollegiyadan çıxarılması yazmaq fikrimi qətiləşdirdi. Niyə yazıram? Öncə bu sualı aydınlaşdırım. Yazmağımın bir tək səbəbi var - İmanov nümunəsini az da olsa insanlara tanıtmaq. Hansı ki, söhbətlərimizdə “rol model” barədə özü tez-tez danışır. Bir az sadəlövhcə, bir az da rabitəsiz şəkildə şikayәtlәnir:

“Cəmiyyət olaraq, nümunələrə ehtiyacımız var. Biz bu illər ərzində nümunə yarada bilməmişik”.

İmanov özü fərqində olmasa da, Elton Quliyev kimi nümunə yaradan, bir vətəndaş kimi nümunə olan insanlardandır.

Vəkillərin geydiyi mantiyanın rəngi qaradır. Qara rəng - ədaləti simvolizə edir. Yüz illər ərzində insanlar qaranı ədalətin rəngi hesab ediblər. Bu mantiyanın heç bir düyməsi, ilgəyi dә yoxdur. Bu isə hüququn, hüququ tәmsil edәn insanların heç bir gücə tabe olmadığını, heç kimin qarşısında yaxasını düymələmədiyini bildirir. İmanov geydiyi mantiyanın haqqını verən vəkillərdəndir. “Nardaran prosesi”ndə - İmanovun öhdəsinə götürdüyü bu sonuncu mәhkәmә işindә bircə dəfə iştirak edən istənilən şəxs bunu tәsdiqlәyәr. Məhkumların dilə gətirdiyi hər işgəncə faktında başını əlləri arasına alıb heyrətlə yelləyir, az qala hər məhkəmə prosesinə bir yazı həsr edir, eyni şövqlə də iclas zalında saxta ittihamları darmadağın edirdi. Təbii ki, hakimlərdən kollegiyaya gedən şikayətlərin də ardı-arası kəsilmirdi. Müttəhimləri peşəkarcasına, bir az da ehtiyatsız və emosional şəkildə müdafiə edərkən, proseslə bağlı yazılar yazarkən karyerasını riskə atdığı bəlli idi. (Tarixin ironiyasıdır deyəsən, kollegiyanın əvvəlki sədri dövründə vəkillərdən məhkəmə proseslərində mantiya geymələri tələb olunmurdu. Buna baxmayaraq, vəkillər daha müstəqil idilər. Yeni sədr isə mantiya məsələsinə şəxsən nəzarət edəcəyini açıqlayıb. Əvəzində onlardan daha az müstəqil olmaları, daha çox “düymələnmələri” istənilir).

Şəxsən mən vəkil həmkarının istehza ilə onu idealist olmaqda, reallıq hissini itirməkdə suçlamasının şahidi olmuşam. Həmin vəkilin simasındakı ifadədən İmanovu anlamadığı, bir az da fərsiz hesab etdiyi sezilirdi. Mənsə anlayırdım, o, kobud gerçəkliyin fərqindədir, sadəcə yaşadığı mühitin rənginə boyanmaq istəmir. Onun heç bir siyasi ambisiyası yoxdur, cəmiyyətə yön vermək, özündən dissident obrazı düzəltmək dә fikrindәn keçmir. Bu, onun üçün şəxsi ləyaqət hissindən doğan təbii davranışdan başqa bir şey deyil. Başının üstündə qara buludlar görünən, Penitensiar Xidmət onu kollegiyaya şikayət edən vaxtlarda nümayəndəlik institutunun ləğvinə etiraz edən hüquqşunaslara dəstək verməsini də yalnız bu məntiqlə izah etmək olar.

Azərbaycanlılar bu peşə sahiblərini “vəkil” adlandırmaqla onların üzərinə daha böyük məsuliyyət qoyublar. Qədim romalıların işlətdiyi “advocatus” (məhkəməyə çağırılan şəxs) sözündən fərqli olaraq, ərəb dilindən gələn “vəkil” Allahın adıdır, mənası “qoruyan, etimad edilən” deməkdir. Görünür, elə buna görə bir az da müqəddəslik qatılıb bu peşəyə. İmanov bu baxımdan da әsl vәkildir. Məsələn, kollegiyadan çıxarılmasına səbəb olan hadisəni – “Nardaran məhbusu” Abbas Hüseynova verilən işgəncələri ictimailəşdirərkən tam mənasında vəkil kimi davranmışdı. Baxmayaraq ki, buna oxşar situasiyalarda bəzi həmkarları susmaq yolunu seçər, ən azından informasiyanı başqa yolla ictimailəşdirməyə çalışardı.

Yalçın İmanov ondan istənilmədiyi halda ən uzaq məsafələrdə yerləşən həbsxanalardakı siyasi məhbuslara - "dost"larına baş çəkməyə gedər, həm də bunu hər kəsdən xəbərsiz edərdi. Özüm "dost" ifadəsini işlətdim, çünki o, hüquqlarını müdafiə etdiyi şəxlərlə sözün әsl mәnasında dostlaşmışdı. Kollegiyadan çıxarılandan sonra verdiyi müsahibəsində də bunu deyir, yeganə narahatlığının həbsdə olan dostlar ilə sağollaşa bilmədiyi olduğunu qeyd edirdi.

Şekspirin “VI Henry” əsərində “Dick the Butcher” adlı mənfi qəhrəman var. O, iqtidara gələcəyi təqdirdə ilk işinin “bütün vəkilləri öldürmək” olduğunu bildirir. Bununla əslində, öz despot hakimiyyətini qurmaq üçün tək yolun hüququ yox etmək, bunun üçün də hüququ təmsil edən şəxsləri öldürmək olduğunu demək istəyir. Bəli, işlək hüquq sistemi və vicdanlı, peşəkar hüquqşunaslar despot hakimlər qarşısında böyük əngəldirlәr. Ona görә, İmanov kimilәrin işindәn olması tәәssüfverici olsa da, başa düşülәndir.