"İki qardaşım öldürülüb, bir qardaşım oğlu da həbsdədir" - Nardaran işi 3

"Mən qardaşlarımı basdırmaqla məşğul olanda məndən izahat almağa çalışırdılar"

Bu sözləri iyulun 10-da "Nardaran işi 3" üzrə keçirilən məhkəmə prosesində şahid Sərdar Bünyatov deyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib. 

Rakurs TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahidlər Azad Kərimov, Ramin Cəfərov, Sərdar Bünyatov ifadə verib. Hər üç şahid ilkin istintaqa verdiyi ifadəni təkzib edib. Onlar ifadələrini təzyiq altında verdiklərini bildiriblər. İlkin olaraq Azad Kərimov dindirilib. O, bildirib ki, təqsirləndirilənlərdən ilahiyyatçı Zülfüqar Mikayılzadə və Elman Ağayevi tanıyır:

"Zülfüqar Mikayılzadə və Elman Ağayevi tanıyıram. Onlar mərd, xalqını sevən insanlardır. Məni "Bandotdel"ə çağırıb, ifadə verməyimi istədilər. Mən danışdıqca onlar yazırdılar. Amma oxumağa qoymadılar. Dedilər ki, qol çək. Mən də qol çəkdim"

Hakim bu zaman Azad Kərimovun ifadəsini oxumağa başlayıb. Ondan ifadəsinin hansı hissələri ilə razılaşıb-razılaşmadığını soruşub. Bu, təqsirləndirilən E.Ağayevin narazılığına səbəb olub. O, hakimə etiraz edərək bildirib ki, təqsirləndirilənlərin əleyhinə ifadə verən şahidlərin ifadəsi oxunmadığı halda, bu şahidlərin ifadələrinin oxunması doğru deyil:

"Cənab hakim, kimlər ki bizim əleyhimizə ifadə verirdi, onların ifadələrini oxumadınız. Nəylə razılaşıb-razılaşmadığını soruşmadınız. Amma şahidlər bizim xeyrimizə ifadə verəndə, onlardan soruşursunuz. Bu ədalətsizlikdir"

Hakim E. Ağayevə çıxışını davam etdirməyə icazə verməyib. Daha sonra Ramin Cəfərov ifadə verib. Ramin Cəfərov bildirib ki, bir müddət Tale Bağırzadə ilə işləsə də, sonradan ayrılıb. O da ilkin ifadəsini təkzib edərək, təqsirləndirilən şəxsləri dürüst insanlar kimi tanıdığını deyib. 

Sonda Nardaran hadisələri zamanı öldürülən Rəfael və Fərayıl Bünyatovların qardaşı Sərdar Bünyatov ifadə verib. O, hakimin "istintaqa verdiyin ifadəni təsdiq edirsənmi" sualına belə cavab verib:

"İfadəmdə göstərilib ki, guya bunlardan (təqsirləndilənlərdən) şikayətçiyəm. Xeyr, mənim 2 qardaşım öldürülüb, 1 qardaşım oğlu hazırda həbsdədir. 1 əmim oğlu da yataq xəstəsidir. Şikayətçi olsam, elə onları bu vəziyyətə salanlardan şikayətçi olaram"

Növbəti məhkəmə prosesi iyulun 14-ə təyin olunub.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırzadə və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.