II qrup əlildən prezidentə müraciət: "Bu özbaşınalıqlara nə vaxt son qoyacaqsınız?!" - Video

Cəlilabad rayonunda yaşayan Nuriyev Faba Ovezoviç oğlu əlillik dərəcəsinin qanunsuz şəkildə kəsildiyini bildirərək, Rakurs TV vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət edib. 

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Mən Cəlilabad rayonunda yaşayıram. 2013-ci ildə Cəlilabad rayonunda məni maşın vurdu. Həmin gündən həm sağlamlığımı, həm də iş qabiliyyətimi itirmişəm. Həm rayonda həm də, Bakı şəhərinin müxtəlif xəstəxanalarında müalicə olunsam da, bu günə kimi mənim müalicəmin heç bir xeyri olmayıb. Hazırda yataq xəstəsiyəm. 03.02.2016-cı ildə mənə ömürlük II qrup əlillik dərəcəsi verilib. Bundan sonra səhhətimdə ciddi ağırlaşma olduğu üçün 17.04.2017-ci ildə qeydiyyatda olduğum Cəlilabad rayon Mərkəzi xəstəxanasında həkim müayinəsindən keçərək elektron formada müraciət etmişəm. Bundan sonra mənə məktub gəlib ki, mənim 2-ci qrup əlillik dərəcəm kəsilərək III qrupla əvəz edilib. Axı mənim nə günahım var ki, mənim qanuni II qrup əlillik dərəcəm kəsilərək III qrupla əvəz edilir.

Baş verən bu özbaşınalıqlarla bağlı dəfələrlə cənab Prezident,Sizə, Mehriban xanıma, Nazirlər Kabnetinə və Milli Məclisin deputatı Hadi Rəcəbliyə müraciət etmişəm. Mənim müraciətim baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilsə də, bu günə qədər mənim müraciətimə baxılmayıb. Hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillərin sosial məsələlər üzrə şöbəsinin müdiri Saday müəllimin qəbulunda oldum. Saday müəllim mənə bildirdi ki, avqust ayında təkrar müraciət edərsən. Mən də avqust ayının 2-də təkrar müraciət etdim. Avqust ayının 4-də mənə cavab gəldi ki, güya ki, əlil olmadığımı əsas gətirərək mənim əlillik dərəcəm tamamilə kəsilib.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Siz bu ölkənin rəhbərlərisiniz. Ölkədə özbaşınalıqlar baş alıb gedir, siz hara baxırsınız, bu özbaşınalıqlara nə vaxt son qoyacaqsınız?! Sizdən xahiş edirəm, mənim səsimə səs verin! Mənim heç kimim yoxdur, özüm yataq xəstəsiyəm, bir anam var, o da xəstədir. Övladımın 7 yaşı var, məktəbə gedəcək. Mən onun məktəb ləvazimatlarını nə ilə alım? Əgər məscidimizin dindarları olmasa biz acından ölərik. Dövlətimizin heç bir qayğısını görmürük. Yenə sağolsunlar ki, bu insanlar bizim ailəmizə yardım edirlər.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Mən əllilklə bağlı dövlət komisiyalarından keçmişəm. Əlimdə kifayət qədər sənədlərim var və yenidən komisiyadan keçməyə hazıram. Sizdən artıq dərəcədə xahiş edirəm, Azərbaycanda olan məmur özbaşınalıqlarına son qoyaraq, bizi bu talançı məmurlardan xilas edin.