İdmançı: 3 ildir nazirlik müxtəlif bəhanələrlə məni aldadır

“Üzümdə zədə var. Neçə müddətdir bu vəziyyətdəyəm. Təsəvvür edin, 3 ildir nazirlik müxtəlif bəhanələrlə məni aldadır. Əməliyyat bir yana heç müayinənin sənədini təsdiqləmirlər ki, gedib idman reabilitasiya mərkəzində özümü müalicə edim''.

Özünü Gənclər və İdman Nazirliyinin qarşısında yandırmaq istəyən idmançı Emin İsmayılov belə deyir. O, üzündə olan zədəyə görə nazirliyə dəfələrlə müraciət etdiyini, hər dəfəsində ''büdcədə pul yoxdur'', - cavabını aldığını söyləyir.

“Nə deyirsən “yox” cavabı verirlər. Ona görə məcbur qalıb bu addımı atdım. Deyirlər ki, büdcədə pul yoxdur. Dövlət hər il bizim müalicəmiz üçün nazirliyin balansına pul köçürür. Hanı bəs, o pullar? Kimə veriblər?”.

İdmançı bunları “Qafqazinfo”ya açıqlamasında bildirib.

Emin İsmayılov Gənclər və İdman Nazirliyinin əksər idmançılara belə etinasız yanaşdığını bildirib:

“Bunlar bahalı maşınlar sürür, lüks restoranlarda gəzirlər. Hansı pulla? İdmançıların hesabına yatırılan pulları yeməklə. Üç ildir ki, mən kimi idmançını süründürürlər. Bu qədər səbr elədim. Artıq dözə bilmirəm. Bircə üzümdə zədə var idi, indi burnum da gedib. Belə olmaz. Ölkə başçımız idmana bu qədər qayğı göstərsə də, bu məmurlar imkan vermirlər”.

Avqustun 11-də Azərbaycanın Uşu-Sanda milli komandasının sabiq üzvü Emin Qafil oğlu İsmayılov Gənclər və İdman Nazirliyinin önündə təkbaşına aksiya keçirib. Bu barədə özü səhifədə video paylaşıb.

O, nazirliyin önünə benzin töküb və deyib:
"3 ildir ki, məni süründürürsüz, dinləmirsiz. Əgər cəsarətiniz varsa, mənə yaxınlaşın, kimsə mənə yaxınlaşsa, özümü yandıracam".

Polislərin müdaxiləsindən sonra idmançı hadisə yerindən uzaqlaşdırılıb.
Emin İsmayılov Azərbaycanı müxtəlif beynəlxalq yarışlarda, turnirlərdə təmsil edib, dəfələrlə mükafatlar qazanıb.

İtaliyada, son yarışların birində ciddi zədələndikdən sonra, dəfələrlə Milli Olimpiya Komitəsinə, Gənclər və İdman nazirliyinə və digər dövlət orqanlarına müraciət etsə də, ona heç kimin diqqət ayırmadığını deyir.

Gənclər və İdman Nazirliyindən məsələyə münasibət bildirmirlər.