İctimaiyyət nümayəndələri Mehman Hüseynova qarşı təzyiqlərə etiraz edir - Video

Dekabrın 26 -da jurnalist, bloger Mehman Hüseynova qarşı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə zor tətbiq etmək) cinayət işi açılıb. Bu maddə ilə təqsirli bilinərsə, onu üç ildən 7 ilə qədər həbs cəzası gözləyir. Məlumatda bildirilir ki, M.Hüseynov cəza çəkdiyi 14 saylı müəssisəsinin rejim nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalova bədən xəsarətləri yetirib.Onun üzərindən axtarış zamanı 461 manat pul müsadirə edilərək götürülüb. Dekabrın 29-da isə jurnalistə qarşı daha ağır maddə - CM-nin 317.2 (Cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının əməkdaşına həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb. “Cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətini pozma” adlanan maddə 5 ildən 7 ilə qədər cəza nəzərdə tutur.

Mehman Hüseynov buna etiraz etiraz olaraq 5 gündür quru aclıq keçirir. İctimaiyyət nümayəndələri mövcud durumla bağlı şərhlər veriblər.