İbrahim Alışov apellyasiya şikayəti verib

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "FUADAKVA” MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.
 
Xəbəri Report yayıb.
 
Xəbərə görə, Binəqədi Rayon Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair protokol üzrə icraata xitam verib.
 
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli bu qərarından Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov tərəfindən apellyasiya şikayəti verilib.
 
İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.
 
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
 
"FUADAKVA” MMC sauna və hovuzların tikintisi, avadanlıqla təmin edilməsi sahəsində ixtisaslaşmış şirkətdir.