Həyat yoldaşı Əziz Orucovun incidildiyini deyir

"Kanal13" internet televiziyasının həbsdə olan direktoru Əziz Orucova qarşı ayrı-seçkilik edilir

Bu barədə Əziz Orucov həyat yoldaşı Lamiyə Orucova məlumat yayıb. Onun sözlərinə görə, Əziz Orucov telefon danışığı zamanı ona digər dustaqlardan fərqli münasibət göstərildiyini deyib:

"Çöldə 40 dərəcə istilik olmasına baxmayaraq, türmədə hamının pəncərəsi açıq olmasına baxmayaraq, Əziz bəyin pəncərəsini açmağa icazə vermirlər, hamının otağında ventilyatoru olmasına baxmayaraq ona izin vermirlər. Səbəbini soruşanda isə deyillər ki, bizə belə tapşırıblar ki, onu nə qərər bacarırsız incidin" 

Lamiyə Orucova dəfələrlə ombudsman Elmira Süleymanovaya müraciət etsələr də, Əziz Orucovun vəziyyəti ilə heç kəsin maraqlanmadığını bildirib. 

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə. Orucov ittihamları qəbul etmir.

Rakurs TV