Hüquq müdafiəçisi saxlanılıb

Oqtay Gülalıyev: “Hüquq müdafiəçisinə Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi açılır”

Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) üzvü, hüquq müdafiəçisi Taleh Xasməmmədov aprelin 19-da, səhər saatlarında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi açılıb. Bu maddə ilə onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu barədə Meydan TV-yə hüququ müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.

Oqtay Gülalıyev bildirib ki, Taleh Xasməmmədov Göyçay Rayon Polis Şöbəsi tərəfindən saxlanılıb:

“Məlumata görə, polislər özlərinə xəsarət yetirərək, paqonlarını çırıblar. T.Xasməmmədova şöbədə fiziki zor tətbiq edərək, bu hərəkətin onun tərəfindən olduğuna dair ifadə almağa çalışırlar. Hüquq müdafiəçisinə Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi açılır. Məqsəd onu həbs edib cəzalandırmaqdır. Çünki o, son zamanlar rayonda və ölkədə baş verən qanunsuzluqları, korrupsiya hallarını, məmur özbaşınalığını, seçki saxtakarlığını şiddətlə tənqid edənlərdəndir”.

Oqtay Gülalıyev güman edir ki, Taleh Xasməmmədova qarşı CM-nin 221-ci maddəsi ilə də cinayət işi açıla bilər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən cavab olaraq bildirilib ki, bu gün saat 11 radələrində Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları xidmətdə olarkən yol-hərəkət qaydasını pozan BMW markalı avtomobili saxlayıblar:

“Yol polisinin əməkdaşı istifadəsində olan bort-kompyuterə nəqliyyat vasitəsinin məlumatlarını daxil edərkən onun barəsində həbs qərarının olması müəyyən edilib və avtomobili qanuna müvafiq qaydada duracağa yerləşdiriblər. Bundan sonra avtomobilin sahibi, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov DYPB-in rəsinin iş otağına gələrək dərhal avtomobilinin buraxılmasını tələb edib. Ona maşınının saxlanılmasının səbəbləri ətraflı izah edilib və bildirilib ki, cəriməni dəbbə pulu ilə birlikdə ödədikdən sonra nəqliyyat vasitəsini duracaqdan götürə bilər. Bununla razılaşmayan T. Xasməmmədov daha da aqressivləşərək xidməti otaqda öz xuliqanlıq hərəkətlərini davam etdirib, oradakı əşyaları dağıdaraq yararsız hala salıb. Onu sakitləşdirmək istəyən 3 polis əməkdaşına isə xəsarət yetirib ki, onlardan biri dərhal rayon xəstəxanasına yerləşdirilib. Buna baxmayaraq onun qanunsuz hərəkətlərinin qarşısı alınıb və saxlanılıb".

Hüquq müdafiəçisi 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilib. Göyçay Rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarıb. Təxminən bir il sonra prezidentin əfv sərəncamına düşərək azad olunub.

Taleh Xasməmmədov 2015-ci ildə Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib. Onu həmin ilin fevralın 24-də Göyçay rayonunda ailə üzvləri ilə birgə mebel salonundan çıxıb maşınına yaxınlaşan zaman tanımadığı bir şəxsin hücumu ilə üzləşib. Bundan sonra o, polis tərəfindən saxlanıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanıb. T.Xasməmmədov 2016-cı ilin martında əfv sərəncamı ilə azad edilib.

Həmin vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu "vicdan məhbusu" elan edib.