Hüquq müdafiəçisi: ABŞ Dövlət Departamentinin hesabatını obyektiv saymaq olar

Hüquq müdafiəçisi: ABŞ Dövlət Departamentinin hesabatını obyektiv saymaq olar

 “Bəzi məqamları çıxmaqla, ABŞ Dövlət Depratamentinin Azərbaycanda insan haqları ilə bağlı hesabatını balanslı saymaq olar”. Bunu Turan-ın “Çətin sual” proqramının 2021-ci il martın 31-də hesabata həsr olunmuş buraxılışında “Bakı İnsan Haqları Klubu”nun rəhbəri Rəsul Cəfərov bildirib.

Onun fikrincə, 2020-ci ili əhatə edən hesabat obyektiv xarakter daşıyır, çatışmazlıq isə İkinci Qarabağ mübaribəsi dövründə insan haqlarına yanaşmanın pozulmasıdır. Münaqişədə iki tərəf olsa da, Ermənistan üstün tərəf görünür.

O, diqqəti Azərbaycanda 4 nəfər hərbiçinin müharibə cinayətlərinə görə həbsi faktının hesabata salınmadığına və burada balansın pozulmasına çəkib.

Onun fikrincə, hesabat hazırlanarkən yerli hüquq müdafiəçilərilə əlaqə saxlamaq olardı. Klub rəhbəri deyir ki, beynəlxalq tərəfdaşları ilə hesabat hazırlayırlar və 2021-ci il üçün növbəti hesabat hazırlandıqda ondan istifadə etmək olar.

Rəsul Cəfərov vurğulayır ki, belə məqlamlara görə, hakimiyyət və tərəfdarları hesabatı qərəzli sayacaq və tənqidə məruz qoyacaqlar.

Onun sözlərinə görə, hesabat adətən neqativ məqamlar üzərinə köklənir, amma burada pozitiv məqamlar da var: “Real” Partiyasının rəbhbəri İlqar Məmmədovun və hüquq müdafiəşçisi kimi mənim azadlığa buraxılmağım, bəzi QHT-lərin qeydə alınması hesabatda yer alır”, deyə hüquq müdafiəçisi qeyd edir.

Rəsul Cəfərov deyir ki, hesabatda qanunsuz həbslər, yetərli olmayan ittihamlarla açılan cinayət işləri, bu əsasla uzunmüddətli həbsər olduğu  qeyd edilir. Hüquq müdafiəçisi hesab edir ki, hesabatda arqumentli tənqidlərə tənqidlə cavab vermək lazım deyil, bu halda problem həllini tapmır. Bu məsələyə səmimi yanaşaraq problemi həll etmək lazımdır və əsassız həbs olunanlar varsa, onlar azad olunmalıdırlar. 

Bu hesabatı bəzi ekspertlərin kəskin saymasına cavab olaraq hüquq müdafiəçisi deyir ki, sənədi kəskin adlandırmazdı, digər hesabatlar kimi, bu da eyni metodologiyaya, həbsdə olan şəxslərin yaxınlarının sözlərinə, beynəlxalq təşkilatların hesabatlarına əsaslanıb: “Yəni, 2020-ci ildə nə baş veribsə, hesabat onun təhlilidir”, deyə Rəsul Cəfərov bildirib.

Cəfərov deyir ki, hesabatda “Tərtər işi” də yer alır və saxlanılanlara işgəncələr verildiyi, onların əsassız uzunmddətli həbslərə məruz qaldıqları vurğulanır. Hüquq müdafiəçisi əlavə edir ki, bu işdə 8 nəfər işgəncə nəticəsində ölüb, 111 nəfər zərərçəkən var, dövlətə xəyanətlə bağlı ittihamlar olsa da, mötəbər sübutlar yoxdur.

Onun fikrincə, Azərbaycanda insan haqları məsələsini əsaslı şəkildə həll etmək üçün məhkəmələr müstəqil olmalı, vahid istintaq qurumu yaradılmalı, istintaq işi şəffaflaşdırılmalı, bəzi qurumların istintaq idarələri ləğv olunmalı, fundamental addımalar atılmalıdır.

Facebook