Hüquq müdafiəçiləri jurnalistə qarşı kobud davranışın araşdırılması ilə bağlı nazirə müraciət ediblər

"Tapdıq Fərhadoğlu Azərbaycanın müasir tarixini özündə daşıyan, özünün xüsusi dəsti-xətti olan nadir jurnalistlərdən biridir. Ona qarşı polisin bu cür kobud davranışının araşdırılmasını və bu hadisənin səbəbkarı olan polis əməkdaşlarının cəzalandırlmasını sizdən xahiş edirik".
 
Bu barədə bir qrup hüquq müdafiəçisinin "Amerikanın Səsi" radiosunun və Turan Agentliyinin müxbiri Tapdıq Fərhadoğlunun sentyabrın 23-də peşə fəaliyyətini həyata keçirərkən polis tərəfindən saxlanılmasının araşdırılması ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciətində bildirilir.
 
"Tapdıq Fərhadoğlu bazar ertəsi səhər saat 10:20-də prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İdarəsinin qarşısında bir qrup valideynin etiraz aksiyası zamanı öz xidməti vəzifəsini icra edərkən polis tərəfindən saxlanılıb. Bir neçə polis zabiti jurnalistə qarşı güc tətbiq edib, onun əlindən kamerasını və mikrofonunu alaraq, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis İdarəsinə aparıblar. Polis idarəsində onun telefonu əlindən alınıb və 30 dəqiqə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Bu müddətdə polis işçiləri onun həmkarları və vəkili ilə əlaqə saxlamasına imkan verməyib", deyə hüquq müdafiəçiləri bildirir.
 
Müraciəti Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənanyarlı, Arzu Abdullayeva, Mirvari Qəhramanlı, Əvəz Həsənov imzalayıblar.