Əhsən Nuruzadənin barəsində cinayət işi açılıb

Müsəlman Birliyi Hərəkatının kordinatoru Əhsən Nuruzadəyə cinayət işi açılıb.

Bu barədə vəkil Yalçın İmanov Rakurs TV-ə məlumat verib. Vəkil bildirib ki, Əhsən Nuruzadə hazırda Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasındadır. O, Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) - cü maddəsi ilə ittiham olunur.

Əhsən Nuruzadə oktyabrın 6-ı saat 13:00 radələrində yaşadığı binanın qarşısından qara rəngli "cip" markalı maşın tərəfindən naməlum istiqamətə aparılıb. Bundan sonra onun barəsində məlumat almaq mümkün olmayıb. 

O, bu ilin yanvar ayında da naməlum şəxslər tərəfindən oğurlanıb. Fəalın sonradan Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı və 10 sutka həbs cəzası aldığı məlum olub. Eyni hadisə sentyabrın 19-u da təkrarlanıb. Əhsən Nuruzadə bir neçə gün Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanıldıqdan sonra məhkəmənin qərarı ilə 10 sutka azadlıqdan məhrum edilib. Cəzasını çəkdikdən sonra, oktyabrın 2-i sərbəst buraxılıb. 

Yaxınları onun ictimai fəaliyyətinə görə həbs edildiyini bildirir.