Əhsən Nuruzadənin apelyasiya şikayətinə baxılacaq

Yalçın İmanov: "İttiham saxta və sifarişlidir"

Siyasi fəal Əhsən Nuruzadənin apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Vəkil Yalçın İmanov Meydan TV-yə deyib ki, şikayət üzrə məhkəmə oktyabrın 16-da Bakı Apelyasiya Məhkəməsində keçiriləcək. Prosesə hakim Abid Abdinbəyov sədrlik edəcək.

Bir müddət əvvəl Ə.Nuruzadə haqqında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb. Onu külli miqdarda narkotik maddələrin satış məqsədi ilə dövriyyəsində təqsirləndirirlər.
Nərimanov Rayon Məhkəməsinda hakim Gültəkin Əsədovanın sədrliyi ilə Əhsən Nuruzadə haqda üç aylıq həbs-qətimkan tədbiri seçilməsi qərarı çıxarılıb. Apelyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə qərarın ləğvi istənilib.
Yalçın İmanov Əhsən Nuruzadəyə qarşı ittihamın saxta və siyasi sifarişli olduğunu deyir:

“Əhsən Nuruzadə "Bandotdel" əməkdaşları tərəfindən bu il yanvarın 24-də oğurlanmışdı. Sonradan onun 10 gün inzibati qaydada həbs cəzası aldığını eşitdik. Ardınca sentyabrın 19-da yenə oğurlandı, yalnız 3 gün sonra yerini müəyyənləşdirdik və təkrar olaraq 10 sutka inzibati cəza aldı. Nəhayət, 7 oktyabr mitinqindən əvvəl yenə oğurlandı və dörd gün sonra məlumat aldıq ki, cinayət işi açılıb.

Əvvəlki həbslərdə Əhsən Nuruzadəyə xəbərdarlıq etmişdilər ki, Taleh Bağırzadəni müdafiə etsən, mitinqlərə qatılsan haqqında cinayət işi açılacaq. Görünür, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi öz xəbərdarlığına əməl etdi. Bu həbsi heç bir hüququ əsası olmadığı üçün qanunsuz sayırıq"