"Hərbi müdaxilə olarsa, ölkəmizi müdafiə etməyə hazırıq"

Eastnews.org-un verdiyi xəbərə görə, Qətər müdafiə naziri Xalid əl-Ətiyyə ölkəsinin lazım gəlsə, özünü müdafiə etməyə hazır olduğunu bildirib. "Sky News Britain" kanalına danışan Ətiyyə "Hərbi müdaxilə mərhələsinə gəlməməyi ümid edirik, ancaq biz hər zaman hazırlıqlıyıq. Ölkəmizi müdafiə etməyə hazırıq", - deyib. "Qətər tarix boyu asanlıqla məğlub ediləcək bir ölkə olmadığını göstərib", - deyən Ətiyyə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin tələblərinin ölkənin suverenliyinə təcavüz mənası daşıdığını qeyd edib.

Qonşu ölkələrin Qətərdəki mövcud rejimi dəyişdirməyə çalışdığıyla bağlı bir fikir olub-olmadığı istiqamətindəki suala Ətiyyə "Tam olaraq olan da budur. Mən hipotezalar üzərindən danışmıram. 1996-cı ildə şiddətli, 2014-cü ildə yumşaq çevriliş cəhdləri oldu. 2017-ci ildə də yumşaq çevriliş cəhdi söhbətin mövzusudur", - cavabını verib. Ətiyyə blokada tətbiq edən ölkələrin Qətərə qarşı terroru dəstəkləmək və ikili standart tətbiq etmək ittihamlarını isə rədd edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Yəmən, Misir və Bəhreyn 5 iyunda Qətər ilə bütün diplomatik əlaqələrini kəsdiyini bildirmişdi. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn ölkələrinin hava məkanını Qətərə bağlayaraq, qətərli diplomatların 48 saat ərzində ölkələrindən çıxmasını istəmişdi. Qətərə qarşı diplomatik blokadaya daha sonra başqa bəzi ölkələr də qoşulmuşdu.