“Hökumət koronavirusun zərbə vurduğu kiçik biznesə və vətəndaşlara dəstək olmalıdır” – Qubad İbadoğlu

“Hökumət koronavirusun zərbə vurduğu kiçik biznesə və vətəndaşlara dəstək olmalıdır” – Qubad İbadoğlu

“Bu zəncirvari proses bir çox sahələrdə çalışan işçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə gətirib çıxaracaq”.

 
 

Rakurs.tv xəbər verir ki, bu fikirləri koronavirus təhlükəsinin önlənməsi ilə bağlı Azərbaycanda tətbiq olunan xüsusi rejimin doğuracağı mümkün nəticələri şərh edən iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçının sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı xüsusi rejimin tətbiq olunması düzgün qərar olsa da, bununla əlaqədar yarana biləcək fəsadların qarşısını almaq üçün təcili tədbirlər görülməlidir:

“Yeni rejimin şərtləri əhalinin koronavirus pandemiyasından qorunması üçün zəruri tədbirlər hesab olunur və dünyanın bir çox ölkələrində tətbiq edilir. Başqa ölkələrdə koronavirus pandemiyasından zərər çəkən kiçik biznesə və bu səbəbdən işini itirən vətəndaşlara sosial dəstək proqramları təklif olunur.

Xüsusi rejim şəraitində yaranmış vəziyyətdən daha çox qazanc əldə edən supermarketlər və apteklər korporativ sosial məsuliyyət çərçivəsində xeyriyyə proqramları həyata keçirməlidirlər”.

Qubad İbadoğlu qeyd edib ki, yeni rejimin tətbiqi nəticəsində toy məclislərinə fasilə verilməsi hər gün evinə gündəlik qazanc aparan on minlərlə vətəndaşın öz işini itirməsi deməkdir:

“Şadlıq sarayları və restoranlar fəaliyyətini dayandıranda, taksi xidməti göstərən minlərlə sürücü müştərisiz qalır. Bu zəncirvari proses turizm, hotelçilik, xidmət, nəqliyyat, logistika və digər sahələrdə işçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə gətirib çıxaracaq.

Ona görə də, hökumət koronavirus pandemiyasından ziyana düşən kiçik biznesə və işini itirən vətəndaşlara sosial dəstəyini əsirgəməməli, dəstək proqramlarını mümkün qədər tez elan etməlidir. Əks təqdirdə, fəaliyyətini dayandıracaq müəssisələrə görə büdcə və sosial müdafiə fondu da itirəcək, işsizlik və sosial gərginlik artacaq”.

Facebook