"Hökumət hələ ki, Eldar Mahmudovun həbsinə maraqlı deyil “

“Eldar Mahmudova qarşı hələ iki il bundan əvvəl cinayət işi açıla bilərdi. Amma onun haqda hələ bu gün məhkəmə qərarı elan olunub. Mənə elə gəlir ki, eks MTN- şefindən nəsə qoparmaq istəyirlər. Amma dəqiq deyə bilmərəm Mahmudovdan qoparmaq istədikləri şey nəsə maddi bir şeydir, yoxsa hər-hansısa informasiyalar.”

Bunu Rakurs TV-yə açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert, Milli Təhlükəsizlik Nazirliyinin eks polkovniki İlham İsmayıl deyib. Ekspertin sözlərinə görə, məhkəmənin təqdimatına baxmayaraq, hökumət hələ ki, Eldar Mahmudovun həbsinə maraqlı deyil: “ Mən iqtidarda Eldar Mahmudovu həbs edəcək marağı hələ ki, görə bilmirəm. Onsuz da ictimai rəylə hesablaşmırlar, ölkədə ictimaiyi rəy də yox səviyyəsindədir.”

İlham İsmayılın sözlərinə görə, hazırda hakimiyyətdə daxili qarşıdurmalar da mövcuddur, əgər Eldar Mahmudov da hansısa klanın üzvüdürsə o, da qarşıdurmaların tərkib hissəsinə çevrilə bilər: “Son zamanlar biz mətbuatda klanlara məxsus olan mətbu orqanların bir-birilərinə qarşı kompramatlar işə saldığının şahidi oluruq. Klanlar əsasən medai imkanlarından istifadə ederək bu kampaniyanı aparırlar. Qarşıdurma get-gedə böyüməkdədir. Görünür artıq güc strukturlarına da bu qarşıdurma sirayət etməyə başlayıb. Əgər Eldar Mahmudov hansısa qruplaşmanın üzvüdürsə o, da bu qarşıdurmaların tərkib hissəsinə çevrilə bilər.”

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin barəsində cinayət işi başlanması üçün prokurorluğa təqdimat göndəriləcək. Bu haqda Bakı Hərbi Məhkəməsində iyulun 10-da xüsusi qərar çıxarılıb. Bu qərar MTN-in İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkbərova hökm oxunarkən məlum olub. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə çıxarılan hökmə əsasən, MTN-in keçmş müstəntiqi 12 il azadlıqdan məhrum edilib.