Əhmədinejat Xameneyiyə məktub yazdı

İranın sabiq prezidenti Mahmud Əhmədinejat ali dini lider Əli Xameneyiyə məktub ünvanlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, məktubunda ölkənin indiki böhrandan çıxması üçün addım atmağın vaxtının çatdığını bildirib.

Əhmədinejad təklif edib ki, hakim rejimin mövcud təhlükələrdən qurtarması üçün ölkə konstitusiyasında dəyişikliklər edilsin, indiki hökumət və parlament buraxılsın və növbədən kənar azad seçkilər keçirilsin. O bildirib ki, yeni parlament və prezident sekiləri azad şəkildə, yəni Konstitusiyaya Nəzarət Şurasının, təhlükəsizlik qurumlarının və hərbçilərin hər hansı bir müdaxiləsi olmadan keçirilməlidir.

Dini liderə yazdığı məktubunda ölkə əhalisinin indiki Məhkəmə Sistemindən və onun ədalətə zidd qərarlarından narazı olduğunu vurğulayan Əhmədinejad həmin quruma başçılıq edən Sadiq Laricaninin tutduğu vəzifədən azad edilməsini, hakimiyyəti və rəsmiləri tənqid etdiklərinə görə tutulub həbsə salınan müxaliflərin dərhal azadlığa buraxılmasını və dinc müxaliflərə qarşı təqib və təzyiqlərə son qoyulmasını təklif edib.