Həkimlərin xəttinin pis olma səbəbi bu imiş

Yəqin ki, əksəriyyət həkimlərin əl yazısı ilə tanışdır.  Adətən çoxları  yazılan reseptləri oxumaqda çətinlik çəkir. Sanki  həkimlərin ayrıca əlifbası var və bunu yalnız özləri, eyni zamanda əczaçılar başa düşür. Hətta bəzən əczaçılar belə reseptləri oxuya bilmir. Bu baxımdan həkimlərin əl yazısı ilə bağlı müxtəlif  fikirlər səsləndirilir.

Maraqlıdır, həkimlərin səliqəsiz yaxud anlaşılmayan yazılarının səbəbi nədir?

Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlama verib:

“Bilirsiniz, mən özüm də həkiməm. Həkimlərin əl yazısı,  Tibb Universitetində dərslər çoxluğu ilə bağlı olan məsələdir. Adətən auditoriyada professorlar öz təcrübələrindən çıxış edərək leksiyalar deyir və başqa ixtisaslardan fərqli olaraq onların yazılması çox önəmlidir. Çox vaxt bu proses sürətli olduğu üçün zamanla xətt də dəyişir. Bu baxımdan həkimlərin xətlərini oxumaqda çətinlik yaranır. Universitetə girən zaman mənim də gözəl xəttim var idi. Universiteti bitirəndə o xətdən əsər-əlamət qalmamışdı. Amma indi leksiya yazan da qalmayıb.

Digər tərəfdən hazırda  həkim xətti məsələsi əvvəlki əhəmiyyətini itirib. Çünki  texnologiya inkişaf etdi, yazışmaların çoxu elektron formada reallaşdı və nəticə olaraq demək olar ki, həkimlərin nəsə yazmasına ehtiyac qalmır.  Hətta reseptlər də elektron qaydada yazılıb apteklərə ötürülür. Bu mənada əl yazısına zərurət yoxdur”.

Deputat qeyd edib ki, həkimlərin əl yazısı bağlı məsələni ciddi problem hesab etmək olmaz:

“Vaxt var idi ki, həkimləri ancaq əczaçılar başa düşürdü. Çünki onlar da Tibb Universitetinin Farmakologiya fakültəsini bitirir. 

Əczaçılar təxmini olaraq dərmanın dozası və ya hansısa xüsusiyyətinə görə həkimin əl yazısını anlaya bilir. Bu gün bir çox apteklərdə  elektron sistemlər qurulub. Həkim öz yazdığı resepti bunun vasitəsilə aptekə yönəldə bilər.

Türkiyədə, Avropa ölkələrinin çoxunda hər bir həkimin öz resept kodu var. Kodlaşdırma da ölkənin bütün aptek şəbəkələrində olur. Ümumiyyətlə bu, ciddi problem deyil. İndiyə qədər həkim yazılarını oxuya biliblərsə, bundan sonra da oxuya bilərlər”.

Tibb üzrə ekspert Adil Qeybulla düşünür ki, həkimlər səliqəli və diqqətli yazmağa fikir verməlidir:

“İlk növbədə qeyd etməliyəm ki, çap yazısında belə tibbi terminlərdən istifadə olunduğuna görə insanlar onu oxumaqda çətinlik çəkir. Həkimlərin əl yazısı da problemdir. İndi  yeni  dərmanlar dövrəyə girir. Görürsünüz, Azərbaycanda eyni tərkibdə, müxtəlif adda  çoxsaylı dərmanlar var.

Bunların hamısını yadda saxlamaq  mümkün deyil. Ümumiyyətlə reseptlərin printerdə yazılması daha məqsədəuyğundur. Çünki bu gün dünyanın hər yerində texnologiya geniş inkişaf edib.

Eyni zamanda  həkimlər səliqəli və diqqətli yazmağa fikir verməlidir. Səhiyyə Nazirliyinin tərtib etdiyi konkret reseptlər var və burada dərmanların adı dəqiq yazılmalıdır. Reseptləri daha çox həkimlər və aptek işçiləri oxuya bilir. Xəstə üçün isə həmin dərmanlardan hansı miqdarda , necə qəbul edəcəyi önəmlidir”.

Ekspert bildirib ki, yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də həkimlərin əl yazısını oxumaq çətindir:

“Əl yazısı insan xarakterindən irəli gələn formadır. Məsələn, elə adam var ki, əl yazısını ümumiyyətlə oxumaq mümkün olmur. Təbii, əgər həmin adam həkimdirsə, bu, avtomatik reseptdəki yazıya da təsir edəcək. Sizə deyim ki, bu problem yalnız bizdə yoxdur. Həmçinin İngiltərə, Almaniya, Türkiyədə də reseptlərin yazı ilə olması və xəttin çətinliyi məsələləri müşahidə edilir.

Ümumiyyətlə həkimlər reseptdə aydın şəkildə dərmanların dozasını, işlənmə qaydasını, istifadə müddəti kimi xüsusiyyətlərini qeyd etməlidir. Çünki xəstələrin içərisində tibbi təhsili olan çox azdır.  Bu kimi halları  nəzərə almaq lazımdır”.