Hikmət Hacızadə: "Rusiya mesaj verdi ki, ötən ilin aprel ayında baş verənlər bir də təkrarlanmamalıdır"

Rusiya prezidenti Vladimir Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi təsdiqləyib.

İki ölkə arasında müvafiq sənəd 2016-cı il, noyabrın 30-da Moskvada imzalanıb.

İyulun 19-da Rusiya Federasiya Şurası adıçəkilən sazişi ratifikasiya etdikdən sonra Putin bu gün sənədə qol çəkərək onu qüvvəyə mindirib. Məsələ ilə bağlı Rakurs TV-yə açıqlama verən Azərbaycanın Rusiyadakı eks-səfiri, politoloq Hikmət Hacızadə bildirib ki, baş verənlər yeni bir şey deyil:

“Hesab etmirəm ki, Rusiya qoşunları sabah ölkəmizin Ermənistana hücum edəcəyi halda Azərbaycana hərbi müdaxilə edəcək. Onlar bunu açıq formada etməzlər. Amma əvvəlki kimi ermənilərə yardımlarına davam edəcəklər, yəni bu yeni bir sey deyil”.

Hikmət Hacızadə

Politoloqun sözlərinə görə, baş verənlər həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətinə verilmiş bir mesajdır:

“Putin demək istəyir ki, heç kim Rusiyanın razılığı olmadan harasa hücum etməməlidir. Rusiya regiona tam nəzarət etmək istəyir. İndi onlar Ermənistanı müdafiə etmək istəklərini həm də qanuniləşdirdilər. Bununla da ölkəmizə də mesaj verdilər ki, ötən ilin aprelində baş verən hadisələr bir də təkrarlanmamalıdır. Rusiya artıq Azərbaycana mesaj verdi ki, ölkəmiz Ermənistana müdaxilə edəcəyi halda onlar kənarda durmayacaqlar. İmzalanmış sənədə əsasən Ermənistana yardım edəcəklər. Putinin bu addımı həm də Ermənistanda Rusiyaya qarşı olan qüvvələrə də bir mesaj oldu”