"Hicab məhbusları" azadlığa buraxıldı

Aprelin 5-i həbs müddəti bitən 3 "hicab məhbusu" azadlığa buraxılıb.

Rakurs TV-nin məlumatına görə cəza müddəti bitən keçmiş siyasi məhbuslar Rövşən Allahverdiyev, Tərlan Ağadadaşov və İlham Hətəmovdur. Onlar 2012-ci ilin oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılıblar. Məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İlham Hətəmov 17 saylı Cəza Çəkmə Müəssisəsindən, Rövşən Allahverdiyev və Tərlan Ağadadaşov isə "Tubzon" adlandırılan 3 saylı həbsxanadan azadlığa buraxılıb.

2012-ci ilin oktyabrın 5-də orta məktəblərdə hicab qadağasına etiraz məqsədi ilə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyada 74 nəfər saxlanılıb. Onlardan 32 nəfərə həbs cəzası verilib. Onlar Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunublar.