"Heykəl məhbusu"nun məhkəməsində şahidlər ifadə verdi - Video

Noyabrın 23-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə “heykəl məhbusu” Qiyas İbrahimovun və atası Həsən İbrahimovun CM-nin 289.2 –ci maddəsi (məhkəməyə hörmətsizlik etmə - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmədə Q. İbrahimovun özü, atası Həsən İbrahimov və onların hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov, dövlət ittihamçısı Vüsal Abdullayev də iştirak ediblər.
Məhkəmə şahid ifadələri ilə davam edib. Şahidlər Cəmilova Aygün, Ağayev Vüqar, Vüqar Qaralov, Taleh Yusubov, Şahin Quliyev və İslam Muradov hadisə baş verən gün məhkəmə zalında baş verənləri məhkəməyə ifadələrində bildiriblər. Daha sonra onlar dövlət ittihamçısının və müdafiə tərəfin vəkili Elçin Sadıqovun suallarını cavablandırıblar. Vəkil Elçin Sadıqov şahidlərin indi verdikləri ifadə ilə ilkin ifadə arasında ziddiyət olduğunu məhkəməyə bildirib. Məhkəmə digər şahidlərin növbəti ifadə verməsinə görə məhkəmənin 29 noyabr saat 11:00-a qədər təxirə salındığını élan edib.
Qeyd edək ki, 5 iyun 2017-ci il tarixdə apellyasiya məhkəməsində şüşə qəfəsdə olan Qiyas İbrahimov prokuror çıxış edərkən dəfələrlə sədrlik edən hakim Vüqar Məmmədova əlləri ilə eşidə bimədiyini işarə edir. Hakim ona məhəl qoymadıqda gənc fəal şüşə qəfəsdəki mikrofonu çıxararaq yerə atıb və sərt şəkildə etiraz edib. Bu zaman məhkəmə nəzarətçiləri şüşə qəfəsdə İbrahimovun qollarını arxadan qandallayıb. Onun əlində sıyrıntı yaranır və oturduğu skamyada qan izləri görünüb. Bu zaman gənc fəalın atası Həsən İbrahimov hakimlərə etiraz edərək “allahlnız olsun” deyib. Hadisədən sonra yaranmış insidentlə bağlı Həsən İbrahimova qarşı cinayət işi qaldırılıb.