EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Heykəl məhbusunun işindəki polkovnik indi də cəbhəçi fəala qarşı...

Heykəl məhbusunun işindəki polkovnik indi də cəbhəçi fəala qarşı...

Orxan Baxışlı məhkəməyə etiraz olaraq üzünü divara çevirib

Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlının məhkəməsi keçirilib. Məhkəmənin hazırlıq iclasında olduğu kimi, bu dəfə də prosesin adı açıq, özü isə faktiki qapalı şəraitdə keçirilib. Cəbhəçi fəalın yaxını kimi, 4-5 nəfər, bir də səfirlik nümayəndələri məhkəməyə buraxılıb. Onlarla insan isə məhkəmə zalında boş yer olmasına baxmayaraq, prosesi izləyə bilməyib.

Məhkəmədə həm Orxan Baxışlı özü, həm də vəkili Elçin Sadıqov heç olmasa, boş yerlərin sayı qədər adamların zala buraxılmasını istəsələr də, hakim Mahmud Ağalarov razılaşmayıb.

Buna etiraz olaraq, Orxan Baxışlı üzünü divara, arxasını isə hakimlərə çevirib. Hakim ona deyib ki, bu cür davranış məhkəməyə hörmətsizlikdir. Gənc fəal hakimə belə cavab verib:

“Möhtərəm hakim, bəs boş oturacaqlar ola-ola yaşlı insanları qapı arxasında saxlmaq onlara hörmətsizlik deyil?”

Orxan Baxışlı insanların onun məhkəməsinə buraxılmamasına etiraz olaraq, ifadə verməkdən sualları cavablandırmaqdan da imtina edib.

Daha sonra məhkəmədə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Şirəli Babayev və Elvin Kazımov dindiriliblər. İdarənin baş əməliyyat müvəkkili, polkovnik Şirəli Babayev Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazandan sonra həbs olunan iki gəncdən biri Bayram Məmmədovun tutulmasında da fəal iştirakçılardan olub. Bayram Məmmədovun işində olduğu kimi, Orxan Baxışlının da məhkəməsində bildirib ki, onun cibindən heroin tarıblar. Ş.Babayev bildirib ki, Orxanı “Elmlər Akademiyası” metrostansiyasının yanında saxlayıblar. O, hakimin “Orxanı əvvəldən tanıyırdınız?” sualına “xeyr” cavabı verib. Lakin sonra da deyib ki, “Elmlər Akademiyası”nın binasının yaxınlığında bir nəfərin telefonla danışdığını görüblər. Onu Orxana oxşatdıqları üçün yaxınlaşıb saxlayıblar.

Orxan Baxışlı ifadə verməkdən, sualları cavablandırmaqdan imtina etsə də, polislərin dediklərinin həqiqətə uyğun olmadığını, cibinə narkotiki elə polislərin özlərinin atdığını bildirib.

Orxan Baxışlının məhkəməsi avqustun 28-də davam edəcək.

Orxan Baxışlı 2018-ci il mayın 6-da saxlanılıb. İttihama görə, onun cibindən 6 qram heroin tapılıb.

Cəbhəçi gəncə qarşı CM-nin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama və ya daşıma) maddəsilə ittiham irəli sürülüb.

Orxan Baxışlı ittihamın saxta olduğunu, Elmlər Akademiyasının bağında getdiyi yerdə polislər tərəfindən saxlanılıb idarəyə gətirildiyini və cibinə də narkotiki onların atdığını bildirir.

Gənc fəalın üzvü olduğu AXCP də onun cəbhəçi olması, sosial şəbəkələrdə və aksiyalarda hökumətin ünvanına səsləndirdiyi tənqidlər səbəbindən həbs olunduğunu bəyan edib. Orxan Baxışlının həbsi saxlanıldıqdan üç gün əvvəl Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarını ziyarət edərkən orada səsləndirdiyi fikirlərlə əlaqələndirilir. Orada çıxış edən gənc fəal E.Hüseynovun qatilinin bu hakimiyyət olduğunu, ona görə də cinayətin üstünün bugünə qədər açılmadığını bildirib.

Heykələ şüar yazdıqdan sonra həbs olunan iki gənci "Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı "vicdan məhbusu" elan edib. Beynəlxalq hesabatlarda onlar "heykəl məhbusu" adlanır

meydan.tv

Facebook