"Heykəl məhbusu"nun işi məhkəmə baxışına təyin edildi

Noyabrın 7-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə “heykəl məhbusu” Qiyas İbrahimovun və atası Həsən İbrahimovun CM-nin 289.2 –ci maddəsi (məhkəməyə hörmətsizlik etmə - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmədə Q. İbrahimovun özü, atası Həsən İbrahimov və onların hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov, dövlət ittihamçısı Vüsal Abdullayev də iştirak ediblər.
Dövlət ittihamçısı çıxış edərək işin məhkəmə baxışına təyin olunmasını məhkəmədən istəyib. Vəkil Elçin Sadıqov isə çıxışında Cinayət Prosessual Maddəsinin 305-ci maddəsinə (cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi) əsasən cinayət işinə xitam verilməsini istəyib. Hakim H. Səfərov müdafiə tərəfin vəsatətini açıq saxlayaraq işi məhkəmə baxışına təyin etdi məhkəmə prosesini 16 noyabr saat 15:30-a təyin etdi.
Qeyd edək ki, 5 iyun 2017-ci il tarixdə apellyasiya məhkəməsində şüşə qəfəsdə olan Qiyas İbrahimov prokuror çıxış edərkən dəfələrlə sədrlik edən hakim Vüqar Məmmədova əlləri ilə eşidə bimədiyini işarə edir. Hakim ona məhəl qoymadıqda gənc fəal şüşə qəfəsdəki mikrofonu çıxararaq yerə atıb və sərt şəkildə etiraz edib. Bu zaman məhkəmə nəzarətçiləri şüşə qəfəsdə İbrahimovun qollarını arxadan qandallayıb. Onun əlində sıyrıntı yaranır və oturduğu skamyada qan izləri görünüb. Bu zaman gənc fəalın atası Həsən İbrahimov hakimlərə etiraz edərək “allahınız olsun” deyib. Hadisədən sonra yaranmış insidentlə bağlı Həsən İbrahimova qarşı cinayət işi qaldırılıb.