"Həbsimin səbəbi odur ki, imam Hüseynə yas saxlamışam" - Nardaran işi 3 - Video

"Guya məscidlərin axundlarına təzyiq eləmişəm, qadınları başlarını bağlamağa məcbur etmişəm. Bu ittihamlara gülməyim gəlir. Mənə istintaqda dedilər ki, bu sənədlərə qol çək, 228-ci maddəylə cinayət işi açılacaq. Sonra vəkil gəldi dedi ki, sənə qədər maddəylə iş açılıb. Bu dövləti biz qurmuşuq, niyə çeviriliş edək?" - bu sözləri oktyabrın 23-də "Nardaran işi 3" üzrə keçirilən məhkəmə prosesində təqsirləndirilən Elxan Həsənov deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Rakurs TV-nin məlumatına görə, vəkillər müdafiə çıxışlarını etdiyindən, təqsirləndirilənlər son sözlərini deməyə başlayıblar. İlk olaraq Lənkəran sakini Elxan Həsənov son sözünü deyib. O, 2007-ci ildə millət vəkili Hadi Rəcəblinin cangüdəni olduğunu, 2008-ci ildə isə tələbəsi olan idmançıların dövlət tədbirlərində iştirak etdiyini bildirib:

"Cəmi 1-2 dəfə "Bandotdel"ə aparıblar, onda da təqyiqlə ifadə almağa çalışıblar. Kürdəxanıda olduğum müddətdə də cəmi 3-4 dəfə yanıma müstəntiq gəlib. Belə istintaq apararlar? Mən hadisələr zamanı Kərbəlada olmuşam, həbsimin səbəbi odur ki, imam Hüseynə yas saxlamışam. Bizim ittihamın hansı sübuta yetirilib? Lənkəranın icra başçısı rəy verib ki, mən radikalam. Özünün xasiyyətnaməsin mənə yazıb. Guya məscidlərin axundlarına təzyiq eləmişəm, qadınları başlarını bağlamağa məcbur etmişəm. Bu ittihamlara gülməyim gəlir. Mənə istintaqda dedilər ki, bu sənədlərə qol çək, 228-ci maddəylə cinayət işi açılacaq. Sonra vəkil gəldi dedi ki, sənə qədər maddəylə iş açılıb. Bu dövləti biz qurmuşuq, niyə çeviriliş edək? Mən dünyada bayrağımızı təmsil etmişəm. Bizim yerimizdə dövlət məmurları oturmalıydı. Mənim balaca qızım var. Öz ədalətinizlə hökm verin"

Ondan sonra Nardaran sakini Əli Hüseynov son sözlə çıxış edib. O da ittihamların əsassız olduğunu deyib:

"Biz bu 2 ili psixoloji işgəncə altında keçirdik. Məhərrəm ayı olduğu üçün İmam Hüseyndən söz demək istəyirəm. O, deyirdi ki, dininiz olmasa da, mərd, azad olun. Bizə ümumilikdə 180 il iş istənildi. Bu işi bizə istəyənlər xalqı sevən insanlar deyillər. Biz dindar insanlarıq, bizdən terrorçu olmaz. Allahı nəzərə alın, Qiyamət günü də belə məhkəmələrdən qurulacaq. Hacı Zülfüqar, Seyyid Elman kimi insanların zindana gedəcəyini fikirləşəndə ürəyim bulanır"

Mehman Quliyev isə xəstə olduğunu və danışa bilmədiyini bildirərək, son sözünü yazılı şəkildə məhkəməyə təqdim edəcəyini deyib. 

Hakim növbəti prosesin ayın 30-da keçiriləcəyini elan edib. 

Dövlət ittihamçısı Zülfüqar Mikayılovun 18 il, Faiq Allahverdiyevin 15 il, Əli Hüseynovun 14 il, Mehman Quliyevin 15 il, Mehman Məmmədovun 14 il, Eldar Bünyatovun 14 il, Elman Ağayevin 15 il, Elxan Həsənovun 14 il, Ramil Seyfullayevin 15 il, Mübariz İbrahimovun 15 il, Ruzi İsmayılov və Cabir Əliyevin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

2015-ci ilin noyabr 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 2-i polis olmaqla 6 nəfər ölüb. Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Onların bir qisminə il yarımdan 6 ilədək həbs cəzası verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Nardaran işi 1" üzrə təqsirləndirilən Tale Bağırzadə və Abbas Hüseynə 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hazırda "Nardaran işi 2" və "Nardaran işi 3" üzrə məhkəmə prosesləri davam edir.

Təqsirləndirilən şəxslər günahsız olduqlarını, Nardaranda polisləri dövlət orqanlarının öldürdüyünü bildirirlər.