Həbsdəki NİDA-çının valideynlərindən müraciət

Həbsdəki NİDA-çının valideynlərindən müraciət

"İlkinin özü də, biz də onun müdafiəsinin yetərincə olmadığı qənaətindəyik".

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadənin valideynləri Bəkir Xəlilov və Atlas Hüseynovanın yerli və beynəlxalq ictimaiyyətə müraciətində belə yazılır.

Valideynlər övladlarının müdafiəsnə gərəkli diqqət göstərilmədiyini də qeyd ediblər.

"Beynəlxalq təşkilatlar, Avropa İnsan Haqqları Məhkəməsi bütün siyasi məhbuslar haqqında, istəyir həbsdə və ya azadlıqda olanlar haqqında, qərarlar verirlər, ancaq İlkin barədə yox. Elə bil hansısa bir qüvvə İlkinin işini geri çəkir".

Valideynlər müraciətlərində ictimaiyyəti İlkin Rüstəmzadənin hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərin genişləndirilməsinə çağırıblar. Onlar beynəlxalq insan haqları təşkilatlarına, Azərbaycanda olan qeyri-hökumət təşkilatlarına, siyasi partiya liderlərinə, hüquq müdafiəçilərinə xitab edərək, onları İ.Rüstəmzadəni daha aktiv müdafiəyə dəvət ediblər.

"Bir valideyn kimi sizdən xahiş edirik ki, beynəlxalq təşkilatlar qarşısında İlkinin azad olunmasını prioritet məsələ kimi qaldırın", müraciətdə vurğulanır.

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının 6 il əvvəl həbs edilən 8 üzvündən biridir. Gənclər zorakılıq, kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla uzun müddətə həbs olunublar.

Müstəqil ekspertlər isə onların həbsinə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyası təşkil etmələrini səbəb göstərilir. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəni 8 il, Rəşad Həsənovu, Məmməd Əzizovu 7 il yarım, Bəxtiyar Quliyevlə Üzeyir Məmmədlini 7 il və Şahin Novruzlunu 6 il azadlıqdan məhrum etmişdi.

"Amnesty International" hüquq-müdafiə təşkilatı həbs edilən NİDA-çıları "vicdan məhbusları" adlandırıb.

Sonradan İ.Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa çıxıblar.

contact.az

Facebook