Həbsdə olan cəbhəçi prokurorluğu məhkəməyə verib

Həbsdə olan cəbhəçi prokurorluğu məhkəməyə verib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Zamin Salayev prokurorluğu məhkəməyə verib. O, iddia edir ki, Səbail rayon Polis İdarəsində və 8-ci polis bölməsində işgəncəyə məruz qalması haqda şikayəti bir il ərzində araşdırılmayıb. Bu barədə AzadlıqRadiosuna AXCP fəalının oğlu Oqtay Salayev məlumat verərək bildirib ki, atası hələ 2020-ci ilin yanvarında işgəncəyə məruz qalmışdı. Həmin vaxt 8-ci polis bölməsində onun inzibati xəta törətməsi haqda protokol tərtib olunmuş və Səbail rayon Məhkəməsinin qərarıyla 30 günlük inzibati həbs cəzası verilmişdi.

"İşgəncə nəticəsində elə vəziyyətə düşmüşdü ki..."

O.Salayev deyir ki, atası hələ inzibati həbsdə olarkən prokurorluğa şikayət məktubu göndərib, harada və necə işgəncəyə məruz qaldığını ətraflı yazmışdı: "O zaman işgəncə nəticəsində elə vəziyyətə düşmüşdü ki, məcbur qalıb xəstəxanaya aparmışdılar. Prokurorluğa şikayətində xahiş eləmişdi ki, obyektiv araşdırma üçün "Semaşko"ya aparılması və orada ona tibbi yardım göstərilməsi haqda xəstəxanadan sənədlər alınsın. Polis idarəsindən və 8-ci polis bölməsindən həmin günə aid videogörüntülər alınsın və s. Araşdırmalardan sonra da ona işgəncə verən polislər haqqında cinayət işi başlansın".

O.Salayevin sözlərinə görə, işgəncə ilə bağlı şikayət qeydə alınsa da, Səbail rayon Prokurorluğu şikayəti araşdırmayıb. Nə Z.Salayev özü bu şikayətlə əlaqədar dindirilib, nə ekspertiza təyin edilib. O deyir ki, şikayət varsa, mütləq araşdırılmalıydı. Ya atasına işgəncə verən polislər cinayət məsuliyyətinə cəlb edilməliydi, ya da prokurorluq cinayət işi başlamaqdan imtina etməliydi. Hər iki halda qəbul edilən qərar Z.Salayevə təqdim olunmalıydı.

Tələb yerinə yetirilməyib

"Dəfələrlə Səbail rayon Prokurorluğuna müraciət olunub ki, şikayətə baxıb qərar verilsin. Heç bir cavab vermirlər. Bakı şəhər Prokurorluğu da atamın müraciəti əsasında Səbail rayon Prokurorluğuna məktub göndərib. Yazılıb ki, atama və vəkilinə məlumat verilsin. Səbail rayon Prokurorluğu nəinki atamın, heç Bakı şəhər Prokurorluğunun da bu tələbini yerinə yetirməyib", – həbsdəki cəbhəçinin oğlu belə deyir.

Səbail rayon Məhkəməsindən AzadlıqRadiosuna bildirilib ki, bu şikayəti araşdırmaq hakim Ülviyyə Şükürovaya həvalə olunmuşdu. Lakin hakim Z.Salayevin şikayətini mahiyyəti üzrə araşdırmaqdan imtina edərək yanvarın 22-də şikayətin geri qaytarılmasına qərar verib: "Zamin Salayev məhkəmə nəzarəti qaydasında şikayət vermişdi. O, Səbail rayon Prokurorluğu ilə yanaşı, Səbail rayon Polis İdarəsi və 8-ci polis bölməsindən də şikayətçi idi".

O.Salayev deyir ki, əgər Səbail rayon Məhkəməsi atasının işinə baxmayıbsa, bu qərardan da apellyasiya məhkəməsinə şikayət verəcəklər.

Xatırlatma

Z.Salayev 2020-ci ilin fevralında 30 günlük inzibati həbsdən buraxılandan sonra onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Həmin vaxt o bildirmişdi ki, bu, polis idarəsində məruz qaldığı işgəncələrin nəticəsidir.

S.Salayev həbsindən öncə Salyan rayonunda polis əməkdaşı ilə mübahisəsinin videogörüntüsünü sosial şəbəkələrdə yaymışdı. Həmin görüntülərdə cəbhəçi polisi rayondakı qadınlardan birinə təcavüzdə ittiham edirdi.

2020-ci ilin martında polis Z.Salayevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırdı. Aprel ayında isə o, həmin iddia əsasında CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 2 il 2 ay azadlıqdan məhrum edildi. Şirvan Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. İş hazırda Ali Məhkəmədədir.

Z.Salayev 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Z.Salayevdən şikayətçi olan polis Salyan rayonunda qadın tərəfindən bıçaqlanıb. Həmin qadın da buna görə həbsdədir.

Facebook