Həbs olunan jurnalistin şikayətinə Apelyasiya Məhkəməsi baxacaq

Vəkilləri Fikrət Fərəməzoğluna bəraət istəyirlər

Jam.az saytının rəhbəri, jurnalist Fikrət Fərəməzoğlunun 7 il azadlıqdan məhrum edilməsi haqda hökmdən Apelyasiya Məhməsinə müraciət olunub. 

Şikayəti vəkil Elçin Sadıqov və Cavad Cavadlı verib. Onlar F.Fərəməzoğlu barəsində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Məlumatı vəkil E.Sadıqov verib.

Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsiylə ittiham olunur. O, müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır. Amma jurnalist ittihamı qəbul etmir, "restoran", "masaj salonu" adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir.

İyunun 14-də jurnalist 7 il azadlıqdan məhrum edilib.

F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt daxili işlər naziri Ramil Usubov şərəf və ləyaqətini ləkələdiyi üçün jurnalisti məhkəməyə vermişdi. Nəticədə jurnalistə bir il şərti həbs cəzası kəsilmişdi.