Həbs edilmiş jurnalistin 6 saytı bloklandı

Həbs edilmiş jurnalistin 6 saytı bloklandı

Oktyabrın 26-da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulan jurnalist Ikram Rəhimovun sahibi olduğu 6 sayta ölkə daxilindən giriş bloklanıb.

Bu haqda Turan-a saytın əməkdaşları bildiriblər.

Onların məlumatına görə, saytlara giriş noyabrın 1-dən blok edilib. Saytların bloklanması barədə hər hansı rəsmi məlumat yayılmayıb.

İ.Rəhimovun sahibi olduğu 6 sayt daha əvvəl də məhkəmə qərarı olmadan blok edilmişdi. Söhbət realliq.inforealliq.azrealliqinfo.orgrealinfo.azrealliqinfo.com və realliqinfo.az saytlarından gedir. Bir neçə həftə əvvəl həmin saytlara tətbiq edilən blok götürülmüşdü.

Oktyabrın sonunda İ.Rahimov açıqlamışdı ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində qəbul edildikdən sonra blok qaldırılıb.

İ.Rəhimov oktyabrın 26-da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulub. O tutulmamışdan əvvəl Prezident Administrasiyasının yüksək vəzifəli şəxsini tənqid etdiyinə görə izlənildiyini və təqib edildiyini bildirib.

Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsinin onun saxlanılması ilə bağlı məlumatında İkram Rəhimovun tabeçiliyində olan şəxslərlə birlikdə başqalarından pul tələb etdiyi iddia olunur.

"Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqədə olduğu şəxslərlə birgə törətdiyi həmin silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib", məlumatda qeyd edilir.

İ.Rəhimov isə ittihamları rədd edib, yazılarına görə həbs edildiyini açıqlayıb.

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonar vaxtından əvvəl azadlığa buraxılmışdı.

Facebook