Həbs edilmiş AXCP fəalının 9 aydır ailəsi ilə danışmasına icazə vermirlər

Həbs edilmiş AXCP fəalının 9 aydır ailəsi ilə danışmasına icazə vermirlər

Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin keçmiş cangüdəni Niyaməddin Əhmədovun ailə üzvləri ilə telefonla danışmasına və görüşməsinə 9 aydır icazə verilmir.

AXCP-nin bəyanatına görə, istintaq təcridxanasında saxlanılan Əhmədov ailə üzvləri ilə görüş və telefon danışığı hüquqlarının təmin edilməsi üçün növbəti dəfə məhkəməyə müraciət edib. Atası Arif Əhmədov bildirib ki, 9 aydır ailəsi onunla əlaqə yarada bilmir.

“Bizim müraciət etmədiyimiz yer qalmayıb. Təqsirsiz gənci həbs ediblər, işgəncəyə məruz qoyublar, indi isə anası ilə danışmasına belə icazə vermirlər”, deyə Arif Əhmədov bildirib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, aprelin 16-da Xətai rayon məhkəməsi AXCP fəalı Niyaməddin Əhmədovu karantin qaydalarını pozma və polisə tabe olmama ittihamı ilə 30 gün müddətinə həbs edib.

Aprelin 28-də o, DİN-in İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən naməlum ünvana aparılıb və ağır işgəncələrə məruz qoyulub. Ondan Əli Kərimliyə qarşı ifadə verməyi tələb ediblər.

İnzibati həbs müddəti başa çatdıqdan sonra, mayın 16-da Əhmədova qarşı CM-in 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürüblər və yenidən həbs ediblər.

Hüquq müdafiəçiləri N.Əhmədovu siyasi məhbus kimi tanıyıb.

Facebook