Hansı adam çıxmağına bir gün qalmış döşəyinin altında bıçaq saxlayar? - Video

Noyabrın 28-də Suraxanı rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə AXCP sədrinin müşaviri Məmməd İbrahimin CM-nin 317.2.1 (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, 6 aya qədər həbs) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində M. İbrahimin özü və vəkilləri Cavad Cavadov, Nazim Musayev (dövlət tərəfindən təyin olunan vəkil), dövlət ittihamçısı Elşən Məmmədov iştirak ediblər.

Qeyd edək ki, məhkəmə zalına məhdud sayda insanlar buraxılıb. Məhkəmədən buna səbəb kimi zalda yerin olmadığını bildiriblər.

Vəkil C. Cavadov məhkəmə baxışında audio – video ilə çəkilişə icazə verilməsi, M. İbrahimin vəkilləri ilə birgə əyləşməsi üçün vəsatət verib:

“M. İbrahimə verilən ittiham böyük ictimai təhlükə törətmir. Ona görə də məhkəmədən həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girovla əvəzlənməsini məhkəmədən xahiş edirik. Bildirirəm ki, məlum gün keçirilən axtarış tədbiri də qanun pozuntusu ilə keçirilib, bu ancaq məhkəmə qərarı ilə keçirilə bilərdi. Belə bir qərar isə yoxdur. Ona görə də əməliyyat – axtarışın qanunsuz yolla əldə olunan sübut kimi sübutlar siyahısından xaric edilməsini, müstəntiq Emin Şıxəliyevin iş üzrə məhkəməyə dəvət olunmasını istəyirik”.

Hakim C. Qədimov vəsatətlərin təmin edilmədiyini élan etdikdən sonra işə mahiyyəti üzrə baxılmasını bildirib. Daha sonra Məmməd İbrahim sərbəst ifadə verib. O ifadəsində 27 sentyabr 2018-ci il tarixdə saxlanıldığı cəzaçəkmə müəssisəsində idman zalına gedərkən adının élan olunaraq çağırıldığını eşitdiyini dedi:

“Saat təxminən 14:00 olardı. Adımı élan edib çağırdılar, getdim. Dedilər ki, şimon (yoxlama) olacaq. Mənim yerim də qapıya yaxın bir yerdədir. Başdan yoxlaya yoxlaya gəlirdilər. Mənim yerimi də yoxlayan Mehman Əkbərov adlı bir əməkdaş idi. Gördüm Mehman çox həyəcanlıdır, əlləri əsirdi. Artıq nə baş verəcəyini təxmin edirdim və sonradan da yanılmadığımı gördüm”.

Məhkəmə növbəti prosesin 10 dekabr saat 10:00-a təyin olunduğunu élan edib.

Xatırladaq ki, AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs edilib. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub. Bir müddət sonra vətəndaşlar Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) 3 il azadlıqdan məhrum edib. 13 may 2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. 28 sentyabr 2016-cı il tarixdə Ali Məhkəmə bu qərardan verilən kassasiya şikayətini təmin etməyib. 2018-ci ilin 28 sentyabr tarixində Yasamal rayon məhkəməsi 317.2.1 (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, 6 aya qədər həbs) maddəsi ilə təqsirləndirilib, 2 aylıq həbs qəti imkan tədbiri seçib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi buna səbəb kimi cəza axtarış-baxış tədbiri keçirilərkən Məmməd İbrahimin yastığının altından kəsici-deşici alətin tapılmasını bildirir.