Hakimlər cəzalandırıldı

Məhkəmə-Hüquq Şurası birinci instansiya məhkəmələrinin səlahiyyət müddəti başa çatan 70-dək hakiminin fəaliyyətini müzakirə edib. Nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq apelyasiya və birinci instansiya məhkəmələrinin ümumilikdə 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakiminin aşağı işə keçirilməsi məqsədəuyğun bilinib.

Şuranın 13 oktyabr iclasında bir sıra birinci instansiya məhkəmələrinin sədri və hakimlərinin təyinatı, bəzi hakimlərin iş yerinin dəyişdirilməsi barədə prezidentə təkliflər verilib. Elə səhəri gün – oktyabrın 14-də bu təkliflərlə bağlı prezident sərəncam imzalayıb, bəzi məhkəmə sədrlərinin səlahiyyətinə xitam verilib, bəzi sədr və hakimlərsə aşağı vəzifəyə keçirilib.

Hazırda 126 nəfər hakimliyə namizədin 1 illik ilkin tədris kursuna cəlb edildiyi vurğulanıb.

İclasda həmçinin 2 hakimin tutduğu vəzifədən azad olunaraq aşağı işə keçirilməsi qərara alınıb, 2 hakim barədə intizam icraatı başlanıb.

Novator.az bildirir ki, Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır.

2005-ci ilin fevral ayından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası 15 nəfərdən ibarətdir, quruma ədliyyə naziri Fikrət Məmmədov sədrlik edir.