Hakimiyyətin dindarlara amansız münasibətinin məqsədi nədir?

AXCP sədri Əli Kərimli Qobustan həbsxanasında Nardaran məhbuslarına qarşı törədilən dəhşətli işgəncələrə münasibət bildirib:

“Gətirdilər “kars”a, uzatdılar dəmirin üstünə, əllərimə və ayaqlarıma qandal vurdular. 2 gün çarmıxa çəkilmiş vəziyyətdə “kars”da qaldım”. Bu sözləri Müsəlman Birliyi Hərəkatının fəallarından, Nardaran məhbusu, Qobustan həbsxanasında saxlanılan Abbas Hüseyn vəkilinə deyib . Daha doğrusu vəkili vasitəsilə bizə – ictimaiyyətə çatdırıb. İndi gördünüzmü xaricilərin qarşısında saxtakarcasına tolerantlıqdan, humanizmdən bəhs edən sülalə hakimiyyəti öz vətəndaşına hansı sifəti göstərir, ölkəni hara gətirib çıxarıb?

Dindarlara qarşı bu sərt işgəncələri ona görə tətbiq edirlər ki, istəyirlər dindarlar da radikallaşsın, dinc mübarizənin yerini zor müstəvisində mübarizə tutsun. Hakimiyyət odla oynayır, reallıq hissini, ölkənin taleyinə görə məsuliyyət hissini itirib. Sizdən öncə neçə-neçə diktator bu üsuldan istifadə edib və öz qazdıqları quyuya da özləri düşüb, “boğulublar”. Ayılın artıq, indi 15-ci yox, 21-ci əsrdir. Siz yanlış zamanda, yanlış yerdə hakimiyyətə gəlmisiniz. Azərbaycan dövlətdir, özü boyda həbsxana, cəngəllik deyil. Dövlət isə hər bir vətəndaşına sahib çıxmalıdır. “Azadlıq” qəzetində 2001-ci ildə getmiş 2 manatlıq elanı araşdıran prokurorluq hardadır? Niyə vəzifəsini yerinə yetirmir?

İnanclı kəsimə müraciət edirəm: səbrlə, yalnız və yalnız dinc yollarla mübarizənizi aparın, bunların təxribatına heç kim uymasın. Vətəndaş cəmiyyəti gərək bu məqamda susmasın. Heç kim “mən dünyəvi dövlət tərəfdarıyam, ona görə də dindarlara qarşı edilənlərə qarışmıram” bəhanəsilə özünü, vicdanını aldatmasın. Dünyəvi dövlətə təhlükə həm də o zaman artır ki, cəmiyyət öz inanclı insanlarına vicdan və etiqad azadlığı təmin edə bilmir. Biz millət olaraq bu ölkədə etnik kökündən, dindar və ya ateist olmasından asılı olmayaraq hər kəsin azad yaşaya biləcəyi dövləti – Rəsulzadənin qurduğu respublikanı bərpa etməyi bacarmalıyıq. Hazırda isə bu vəhşiliyi hamılıqla qınamalıyıq. Bu cinayəti törədənlər məsuliyyətə cəlb edilməlidir.