Hakim partiyanın təsisçilərindən biri hakimiyyətin müxalifətin bir hissəsini öz tərəfinə çəkdiyini etiraf edib

"Düşmən içəriyə giribsə, gec ya tez düşmənçiliyini göstərəcək. Çünki o, sadəcə düşmən deyil, xəstədir". Bir sıra yerli KİV-lərin məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının təsisçilərindən biri, parlamentin deputatı Eldar İbrahimov bildirib.

İbrahimov hesab edir ki, Azərbaycan hakimiyyəti "xarici qüvvələrə işləyən" bütün müxalifəti "ala" bilərdi.

"Amma biz onları, yəni Azərbaycanın inkişafını, sabitliyini heç cürə istəmyən qüvvələri alsaydıq belə, onlara daha çox şey ödəsəydik belə, onlar yenə də milli maraqlara xidmət etməzdi", İbrahimov belə hesab edir.

O, müxalifəti xarici qüvvələrin əlində alət hesab edir. "Onların məqsədi xarici qüvvələrdən maksimum pul almaq və hakimiyyəti ələ keçirməkdir".

Daha sonra İbrahimov qeyd edir ki, hakimiyyətin tərəfinə keçmiş müxalifətçilərə etibar etmir. "Bəziləri bizim tərəfimizə keçiblər, pul qazanıblar və hətta deputat olublar. Amma deməliyəmki, düşmən dost ola bilməz. Düşmən içəriyə girəcək, amma bir gün yenə düşmənçiliyini göstərəcək. Buna görə onların dostluğu bizə lazım deyil", deyə İbrahimov fikrini tamamlayıb.

Deputatın bu bəyanatı cəmiyyətdə qızğın reaksiyaya səbəb olub, İbrahimovun konkret ad çəkməməsinə baxmayaraq, sosial şəbəkələrdə fəal müzakirələrə gətirib çıxarıb.

Öz növbəsində, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İbrahimovun bəyanatını yumşaltmağa tələsərək, onun fikirlərinin "bütün partiyanın nöqteyi-nəzərini əks etdirmədiyini" bəyan edib.

Partiyanın digər siyasi qüvvələrlə əməkdaşlıqla bağlı mövqeyi hələ 1992-ci ildə işlənib hazırlanıb. Həmin vaxt Əliyev ölkənin bütün sağlam qüvvələrini dövlət maraqları ətrafında birləşməyə çağırıb.

Hakimiyyətdə olarkən Əliyev YAP və hakim komandada zəruri qabiliyyətlərə malik olan, mülki sülh və milli birliyə xidmət etməyə hazır olan hər kəsin təmsil olunması üçün şərait yaradıb. İlham Əliyev də bu siyasəti davam etdirib.

Əli Həsənovun sözlərinə görə, hakimiyyət dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə dialoq və əməkdaşlığa açıqdır. Hökumət siyasi opponentlərini düşməni hesab etmir və ümummilli məsələlərdə onlarla əməkdaşlığı mümkün sayır, deyə Həsənov qeyd edib.

 

 

Turan.az