"Hacı, dua elə möminlərin üzərinə getməyim" - Nardaran işi 2

"Yazmışdılar ki, bu 3 nəfərə dubinka ilə işgəncə verilsin, əlləri qandallı "kars"a salınsınlar" - bu sözləri "Nardaran işi" prosesində təqsirləndirilən Elçin Qasımov deyib.

Dekabrın 27-i "Nardaran işi 2" üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Mayıl Bayramov sədrlik edib. Prosesdə təqsirləndirilənlərin son sözləri dinlənilib.

Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və hərəkatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Məhkəmə zamanı məlum olub ki, təqsirləndirilənlərdən üçü - Ağa-əli Yəhyayev, Əli Şahbazov Seyfəddin Şirvanov dekabrın 26-ı keçirilən prosesdən sonra cərimə kamerasına - "kars"a salınıb. Belə ki, həmin prosesdə nəzarətçilər zaldakı qadınlardan birinin üzərində telefon görüblər. Onların həmin qadınla kobud rəftarı təqsirləndirilənlərin etirazına səbəb olub. Yaranmış mübahisədən sonra təcridxanaya gətirilən dustaqlar cəzalandırılıblar.

Bunu proses zamanı Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov deyib. Onun sözlərinə görə, təcridxana rəhbərliyinə dustaqların dəyənəklə döyülməsi və əliqandallı şəkildə "kars"a salınması tapşırılıb:

"İçəridə bizə müəssisə rəhbərliyi dedi ki, nəzarətçilər akt yazıblar ki, biz dəyənəklə döyülək və əliqandallı şəkildə "kars"a salınaq. Hər halda, təcridxana rəis bizə belə dedi. Mən bilmək istəyirəm ki, bu göstərişi kim verib? Qanunda işgəncə cəza növü varmı? “Kars”a salmaq olar, daha işgəncə verilməsini tələb etmək nədi?"

Hakim Mayıl Bayramov bildirib ki, belə bir məsələdən xəbəri yoxdu. 

Son sözlə çıxış edən Elgün Axundov məhkəmənin qərəzli olduğunu deyib:

"Burada polislər və mülki şəxslər ifadə verdilər. Polislər bizim lehimizə ifadə verə bilməzdilər. Polislərdən başqa hamı bizim xeyrimizə, lehimizə ifadə verdi. Lakin məhkəmə bu ifadələri qəbul etmədi. Mənim yanımda bir şəxs vardı. Müstəntiq ona öz yaramazlıqlardan danışmışdı. Həmin şəxs ona cavab vermişdi ki, bəs sənin vicdanın yoxdur. Müstəntiq də cavab vermişdi ki, polis hara, vicdan hara. Azərbaycan polisi bu vəziyyətdədir".

Elgün Axundov sonda hakimlərə müraciət edib:

"Biz sizdən güzəşt istəmirik, ədalət olsa, bu, bizə bəs edər. İstintaq müddətində, məhkəmə prosesində mən ədalətdən əsər görmədim. Biz məhkəmənin qərarını da əvvəldən bilirik. O qərar da, ədalətsiz olacaq"

Daha sonra Nahid Qəhrəmanov son sözlə çıxış edib. Amma sözə başlamazdan əvvəl hakimlərə ağ kağızla qələm göndərib. O, bunu veriləcək hər cəzaya razı olduqları şəkilində izah edib. N. Qəhrəmanov Azərbaycanda bütün dustaqların siyasi məhbus olduğunu bildirib:

"Azərbaycanda bütün dustaqlar siyasi məhbusdur. Yanlış idarəçiliyinin, siyasətin, sistemin qurbanlarıdır. Məhkəmə başlayanda belə bir təklif irəli sürdüm ki, bəlkə məhkəmənin legitimliyin tanımadığımızı bildirmək üçün proses boyu arxamızı məhkəməyə çevirək və danışmayaq. Amma sonra fikirləşdik ki, bu, bizim verilən ittihamlarla razı olduğumuz anlamını verəcək. Onsuz da bu ölkədə müstəqil məhkəmə yoxdur. Hacıbala Abutalıbovun bir sözü var: "Azərbaycanda bir kişi var, o da İlham Əliyevdir". Bir onun sözü keçir. O, zəng eləsə, hamımızı buraxacaqlar. Sizin heç biriniz müstəqil deyilsiniz. MTN birinci dəfə məni tutanda dedilər ki, bu, Elçin Quliyevin (Ləğv edilmiş MTN-nin həbsdə olan Əks-Kəşfiyyat İdarəsinin rəisi) sifarişidir. Elçin Quliyev mənə dedi ki, sənin həbsini MOSSAD sifariş edib. Bizim həbsimizin əsl sifarişçisi sionistlərdir".

Çıxışın davamında Azərbaycan hakimiyyətini oğru adlandıran Qəhrəmanov ölkədə hər şeyin rüşvətlə həll olunduğunu söyləyib:

"Oğru gecə evə girəndə yatanların arasında bir az tərpənənə baxır. İndi biz də tərpənirdik, etiraz edirdik. Oğrular da narahatdır ki, birdən kimsə oyanar. Avropada göydə iki təyyarə toqquşur, bir nəfər xəsarət alır. Azərbaycanda bir maşın inəyə dəyir, dörd nəfər ölür. Çünki hər şey rüşvətlə olur, sürücülük vəsiqəsini də rüşvətlə alırlar. Ramzan Kadırova yeddi nəfər sui-qəsd eləmək istəmişdi, gedib onlarla görüşdü, bu addımlarının səbəbini soruşdu. Bəs İlham Əliyev niyə bizdən soruşmur ki, nədir istəyimiz, problemimiz? Hadisə vaxtı 2 polis şəhid oldu: Vüqar və İsmayıl. Onlarla dolaysıyla əlaqəmiz vardı. İsmayıl hacı Zülfüqarın əliylə namaza gəlmişdi. Vüqar da "Pasyolka-Kirov"da qalırdı, Binəqədidə namaz qılırdı. İsmayıl hacı Zülfüqara xəbər göndərmişdi ki, hacı, dua elə möminlərin üzərinə getməyim. Onda hacı Zülfüqar bilməmişdi, söhbət nədən gedir. Bunları mənə hacı Zülfüqar "Bandotdel"də dedi. O 2 nəfəri qəsdən özləri öldürmüşdülər. İttihamda göstərilir ki, onlar qumbara qəlpəsindən ölüb. Halbuki qumbara partlayan yerdə azı 1 metr radisunda çuxur əmələ gətirir. Hadisə yerində isə belə bir çuxur yox idi".

İlahiyyatçı Elçin Qasımov son sözündə deyib ki, heç bir cəza onları haqq bildikləri yoldan çəkindirə bilməz. O, çıxışına bu məhkəmə boyu onları dəstəkləyən şəxslərə təşəkkür etməklə başlayıb:

“Silahımız iman, gücümüz Allahdandır. Bütün bu baş verənləri Allah görür. Bizi cəmiyyətdən təcrid edənlər nəyəsə nail olduqlarını düşünürlər. Yanılırlar. Zindanda olan cismimizdir. Qoy Allah bizimlə düşmən arasında hakim olsun. Dünya yaranandan haqla batil mübarizədədir. 2015-ci il noyabrın 26-dan bu günə kimi olan məhkəmə və istintaq nəticəsində hüquq-mühafizə orqanlarının üzdəniraq fəaliyyətini hər kəs gördü. Haqqımızda saxta, qondarma cinayət işi açanlar bu gün rüsvay olub, qazdıqları quyuya düşüblər…”

Təqsirləndirilən Əli Şahbazov isə sön sözündə ailələrinə edilən zülmdən, özü ilə yanaşı, atası və iki qardaşının da saxta ittihamla həbs olunmasından danışıb. O da, digər təqsirləndirilən Seyfəddin Şirvanov da ittihamların əsassız olduğunu bildirərək, bəraət istəyiblər.

Bununla da təqsirləndirilən şəxslərin son söz demək mərhələsi də yekunlaşıb. Hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedib.

Növbəti proses dekabrın 28-ə təyin olunub.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ağır cinayətlərdə ittiham olunan T.Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırzadə və onunla birlikdə həbs olunani Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Nardaran hadisələri ilə bağlı Facebook səhifəsində qanunsuz çağırışlar etməkdə günahlandırılaraq həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 10 il həbs alıb. Saxlanarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Bu günlərdə şərti adı "Nardaran işi-3" olan prosesdə də təqsirləndirilənlərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə 12 il 3 aydan 17 ilə qədər olmaqla, ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Onların arasında ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev də var.

"Nardaran məhbusları" məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.