"Hacı Cavad” məscidi söküldü, yeni məscidin hazır olacağı vaxt açıqlandı

İcra başçısı: “Təklif etdiyimiz üç yerdən biri məscid tikintisi üçün seçildi”

Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən və “Sovetski” adlanan ərazidə aparılan tikinti, yenidənqurma işləri ilə əlaqədar sökülməsinə qərar verilən Hacı Cavad məscidinin əvəzinə tikiləcək yeni məscidin yeri artıq məlumdur. Bunu apa-ya açıqlamasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib. Onun sözlərinə görə, yeni məscid Yasamal rayonu, Şərifzadə küçəsində inşa ediləcək və növbəti Ramazan bayramına qədər dindarların istifadəsinə veriləcək:

“Bizə göstəriş verildi ki, yeni məscidin tikilməsi üçün yer axtarın. Mən üç yer təqdim etdim. Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Nazirlər Kabineti bu məsələni müzakirə etdilər. Onlardan birini seçdilər - Şərifzadə küçəsi, 1.”

Hacı Cavad məscidi dini icmasının sədri, məscidin axundu və icma üzvləri də yeni məscidin tikiləcəyi ərazi, layihəsi, eskizləri, memarlıq cəhətdən özəllikləri ilə tanış olublar. Bundan sonra Abdulla Şaiq küçəsində məscid kimi istifadə olunan tikilinin sökülməsi barədə razılığa gəlinib:

“Mənə deyildi ki, burada cümə namazı qılındıqdan sonra məsciddəki əşyaları çıxara bilərsiniz. İcra Hakimiyyətinin köməkliyi və 20-30 nəfərin iştirakı ilə ayırdığımız maşınlarla əşyalar daşındı. Onlar da xeyir-dua verdilər ki, artıq buranı sökə bilərsiniz”.

Bundan sonra “Hacı Cavad” məscidinin sökülməsinə başlanılıb.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı onu da bildirib ki, “Hacı Cavad” məscidinin yerləşdiyi tikili Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidələr siyahısına daxil edilməyib, məscid icması isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyib.